
11:12
Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.
Xatırladaq ki, dünən saat 19 radələrində Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyən 18 tələbəyə zəhərlənmə diaqnozu qoyulub.
Sabirabad rayon sakini 2003-cü il təvəllüdlü Ö. Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təvəllüdlü F.Rzayeva, 2001-ci il təvəllüdlü İ. Niyazova, Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü. F. Süleymanova, Yevlax rayon sakini 2005-ci il təvəllüdlü F. Nəsibova, Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Ş. Məmmədova, 2005-ci il təvəllüdlü N. Hacıyev, Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü C. İsrafilov, Mingəçevir şəhər sakini 2007-ci il təvəllüdlü S. Əliyeva, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü N. Əmirova, Beyləqan rayon sakini 2004-cü il təvəllüdlü R. Mədətov, Ağcabədi rayon sakini 2005-ci il təvəllüdlü M. Qasımova, Şamaxı rayon sakini 2003-cü il təvəllüdlü N. Məlikov, Qazax şəhər sakini 2006-cı il təvəllüdlü R. Məmmədli, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü G. Bağırova, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü M. Şahbazov, Goranboy rayon sakinləri 2004-cü il təvəllüdlü O. Cəfərov və 2005-ci il təvəllüdlü A. İsgəndərovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
***
10:35
Qazaxda zəhərləndiyi ehtimal edilən 18 tələbə xəstəxanaya yerləşdirilib.
Oktyabrın 10-da saat 19 radələrində Bakı Dövlət Universitetinin Qazax filialının bufetində yedikləri dönərdən zəhərləndiyi ehtimal edilən tələbələr xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.