
Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində ümumilikdə 743,345 kv.m (74.3 ha) ərazi minalardan təmizlənib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Qeyd edilib ki, təmizlənmiş ərazilərdən 1 076 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Onlardan 933-ü piyada əleyhinə mina, 95-i tank əleyhinə mina, 48-i isə partlamamış hərbi sursatlardır.
Xatırladaq ki, 2024-cü il aprelin 19 -da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
Həmin kəndlər 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, ANAMA işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Qazax rayonunun dörd kəndində də dövlət prioritetləri əsasında minatəmizləmə əməliyyatlarını icra etməkdədir. Əməliyyatlar əl ilə minaaxtarma və mexaniki minatəmizləyən maşın və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.
Ümumiyyətlə, bu ilin birinci rübündə respublika ərazisində ümumilikdə 11 min hektar ərazi minalardan təmizlənib.rilib.
ANAMA bildirir ki, ilin ilk üç ayında təmizlənən ərazilərdə ümumilikdə 13 min 956 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Onlardan 1 141-i piyada əleyhinə mina, 485-i tank əleyhinə mina, 12 min 330-u isə partlamamış hərbi sursatlardır.