Qazaxıstanda Qurultaya seçkilərdə səsvermə başa çatıb
Qurultay Qazaxıstanda ölkənin yeni birpalatalı parlamentidir YENİLƏNİB
23:45
Qazaxıstanda Qurultay seçkiləri üzrə “exit poll”un nəticələri açıqlanıb.
“Kazinform” xəbər verir ki, “Xabar” agentliyinin sifarişi ilə Avrasiya İnteqrasiyası İnstitutunun keçirdiyi sorğunun nəticələrinə əsasən, “Ədalət” partiyası 71,8 faiz, “Auıl” partiyası 6,4 faiz, “Respublika” 5,4 faiz, Ümummilli Sosial-Demokrat Partiyası 5,2 faiz, Qazaxıstan Demokratik Partiyası “Aq Jol” isə 5,1 faiz səs toplayıb.
Qazaxıstan Xalq Partiyası 3 faiz, Qazaxıstan Yaşıllar Partiyası “Baytak” 1 faiz səs qazanıb. Sorğu iştirakçılarının 1 faizi isə hamısının əleyhinə səs verib.
Qurultayda təmsil olunmaq üçün siyasi partiyalar ən azı 5 faiz səs toplamalıdırlar.
Xatırladaq ki, bu gün Qazaxıstanda ölkənin yeni birpalatalı parlamenti - Qurultayın deputatlarının ilk seçkiləri keçirilib.
***
19:46
Qazaxıstanda Qurultay deputatlarının seçkilərində səsvermə başa çatıb. Yerli vaxtla saat 20:00-da ölkə ərazisindəki seçki məntəqələri bağlanıb, bundan sonra seçki komissiyaları səslərin hesablanmasına başlayıblar.
Seçicilər beş il müddətinə 145 deputat seçməli idilər. Seçici siyahılarına 12,6 milyondan çox vətəndaş daxil edilib.
Bununla yanaşı, Qazaxıstan hüdudlarından kənarda səsvermə davam edir.
***
17:42
Qazaxıstanda Qurultaya (birpalatalı parlamentə) keçirilən səsvermədə seçici fəallığı 72%-i ötüb.
Bunu respublikanın Mərkəzi Seçki Komissiyasının katibi Şavkat Utemisov açıqlayıb.
"Ölkə üzrə saat 18:00-a (Bakı vaxtı ilə 17:00) 9 095 298 seçici bülleten alıb ki, bu da səsvermə siyahılarına daxil edilmiş seçicilərin 72,15 faizini təşkil edir", – deyə o bildirib.
***
14:08
Qazaxıstanın birpalatalı parlamenti - Qurultaya keçirilən seçkilərdə seçici fəallığı yerli vaxtla saat 14:00-a olan məlumata görə 50%-i ötüb.
Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının katibi Şavkat Utemisov məlumat verib.
Onun sözlərinə görə, saat 14:00-a ölkə üzrə 6 milyon 696 min 2 seçici bülleten alıb. Bu, seçici siyahısına daxil edilən vətəndaşların 53,12 faizini təşkil edib.
Ən aşağı seçici fəallığı ölkənin ən böyük şəhəri Almatıda qeydə alınıb - 30,36 faiz. Ən yüksək göstərici isə Qızılorda vilayətində olub - 64,22 faiz. Paytaxt Astanada seçicilərin 40,92 faizi səs verib.
Qeyd edək ki, Qazaxıstanda parlament seçkiləri üçün seçici fəallığı ilə bağlı minimum hədd müəyyən edilməyib. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq baş tutmuş hesab olunur.
Səsvermə yalnız partiya siyahıları üzrə keçirilir. Vətəndaşlar yeddi siyasi partiyadan birinə və ya bütün namizədlərin əleyhinə səs verə bilərlər.
***
12:23
Qazaxıstanda keçirilən Qurultay seçkilərində, saat 12:00-a olan məlumata görə, seçici fəallığı 37,05% təşkil edib.

"Kazinform" xəbər verir ki, Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Nazerke Suyndiqin sözlərinə görə, günorta saatlarına qədər seçici siyahılarına daxil edilmiş 4.670.816 vətəndaş bülleten alıb.
Xatırladaq ki, Qazaxıstanda 23 avqustda Qurultay deputatları seçkiləri keçirilir.
***
09:53
Qazaxıstanda ölkənin yeni birpalatalı parlamenti - Qurultayın deputatlarının ilk seçkiləri başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb.
Səsvermə saat 20:00-dək davam edəcək.
Qurultaya seçkilər ilk dəfə Qazaxıstanın 2026-cı il iyulun 1-də qüvvəyə minmiş yeni Konstitusiyasına uyğun keçirilir. Əsas Qanuna əsasən, Qurultay ölkənin qanunvericilik hakimiyyətini həyata keçirən birpalatalı ali nümayəndəli orqanıdır.
Seçkilərdə yeddi siyasi partiya iştirak edir. MSK-nın iyulun 23-nə olan məlumatına görə, onların partiya siyahılarına 545 namizəd daxil edilib. Qurultayda 145 deputat mandatı nəzərdə tutulub.
Ölkə üzrə seçici siyahılarına 12 milyon 605 min 788 nəfər daxil edilib. Səsvermə 10 min 423 seçki məntəqəsində, o cümlədən Qazaxıstanın 61 xarici dövlətdəki nümayəndəliklərində yaradılmış 79 məntəqədə təşkil olunur.
Seçkiləri akkreditasiyadan keçmiş 777 beynəlxalq müşahidəçi izləyir. Onlardan 160-ı 42 xarici dövləti, 617-si isə 13 beynəlxalq təşkilatı təmsil edir. Müşahidəçilər arasında 41 ölkənin parlamentini təmsil edən 138 deputat da var.
4 dəqiqə