XƏBƏRLƏR / Münaqişə

Qazaxıstanın iki tankerinə dron hücumu olub YENİLƏNİB

Qazaxıstan Xarici İşlər Nazirliyi hücumu qətiyyətlə pisləyib və kompensasiya tələb edib

Qazaxıstanın iki tankerinə dron hücumu olub YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 20:35

    Qazaxıstan Qara dənizdə neft tankerlərinə edilən hücumu pisləyib və beynəlxalq reaksiya tələb edib.

    Qazaxıstan Xarici İşlər Nazirliyi Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) infrastrukturu vasitəsilə neft daşıyan mülki gəmilərə dron hücumundan sonra bəyanat yayıb. Astana bu cür hərəkətlərin ölkənin iqtisadi maraqlarına zərər verdiyini və beynəlxalq ticarət üçün təhlükə yaratdığını vurğulayıb.

    Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Biz bu cür hücumları Qazaxıstan Respublikasının iqtisadi maraqlarına qarşı qəbuledilməz bir pozuntu, eləcə də qanuni beynəlxalq ticarəti və qlobal enerji bazarlarını qeyri-sabitləşdirməyə yönəlmiş qəsdən edilən hərəkətlər hesab edirik". Astana həmçinin tərəfdaş ölkələri hadisəni müvafiq şəkildə qiymətləndirməyə və hücumları pisləməyə çağırıb.

    Nazirlik əlavə edib ki, Qazaxıstan tankerlərə edilən hücumların vurduğu ziyanı qiymətləndirir və kompensasiya tələb etmək hüququnu özündə saxlayır.

    Qeyd edək ki, bəyanatdan aydın olmur - Qazaxıstan kompensasiyanı Rusiyadan, yoxsa Ukraynadan tələb etmək niyyətindədir. 

    ***

    15:10

    Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalında yüklənməsi iki tankerə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumdan sonra müvəqqəti dayandırılıb.

    "Kazinform"a görə, iyulun 19-da yükləmə əməliyyatları zamanı Qazaxıstanda hasil olunan neftin daşındığı ASIA və NISSOS IOS tankeriləri hücuma məruz qalıb.

    Hücum nəticəsində gəmilərdə yanğın baş verib. Yanğın CPC qəza-xilasetmə qruplarının köməyi ilə söndürülüb.

    Neftin yüklənməsi dayandırılıb. Konsorsium işçiləri, podratçıları və ya heyət üzvləri arasında heç bir itki yoxdur. Neft dağılması baş verməyib və hər iki tanker suda qalıb. Mütəxəssislər hazırda dəymiş ziyanı qiymətləndirirlər.

    CPC hadisəni hədəflənmiş terror hücumu adlandırıb və bildirib ki, artıq beşinci dəfədir konsorsiumun mülki infrastrukturuna qarşı birbaşa təcavüz həyata keçirilir.  

    Xəzər Boru Kəməri Konsorsiumu "Tengiz", "Kaşaqan" və "Karaçaqanak" yataqlarından neft nəql edir. 1511 kilometrlik Tengiz-Novorossiysk boru kəməri Qazaxıstanın neft ixracının 2/3-dən çoxunu daşıyır. 2025-ci ildə daşıma həcmi təxminən 70,5 milyon ton təşkil edib.

    İyulun 17-də "Nordic Zenith" neft tankeri dron tərəfindən vurulub. Hücum zamanı göyərtədə neft olmayıb.