Qətərin keçmiş əmiri vəfat edib
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
13:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı məktubu ünvanlayıb:
"Əlahəzrət,
Atanız – görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Şeyx Həməd bin Xəlifə Al Tani Qətər Dövlətinin tarixində silinməz iz qoymuş, bütün həyat və fəaliyyəti ilə Vətəninə hədsiz sədaqət nümunəsi göstərmiş və onun rifahı naminə fədakarcasına çalışmış xalqının böyük lideri idi.
Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında dostluq və əməkdaşlıq münasibətlərinin təşəkkülündə və inkişafında onun müstəsna xidmətləri olmuşdur. Azərbaycana səfərlərini və onunla görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Qətər Dövlətinin qardaş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!".
***
09:56
Qətərin sabiq əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib.
Bu barədə əmirin ofisi "X" sosial şəbəkəsində məlumat yayıb.
Rəsmi açıqlamaya əsasən, Şeyx Həməd bin Xəlifə Al Tani bazar günü səhər dünyasını dəyişib. Bəyanatda onun vəfatının ölkə üçün böyük itki olduğu vurğulanıb.
Şeyx Həməd bin Xəlifə Al Tani müasir Qətərin qurucularından biri və ölkənin inkişafında mühüm rol oynamış siyasi xadim kimi tanınır. Hakimiyyəti oğluna təhvil verdikdən sonra da o, Qətərdə nüfuzlu və böyük hörmət sahibi şəxsiyyət olaraq qalmağa davam edib.
2 dəqiqə