XƏBƏRLƏR / Seçki

Qırğızıstanda seçkini pozmaq üçün etnik qarşıdurma ola bilər

Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovun xalqa müraciətində deyilir

Qırğızıstanda seçkini pozmaq üçün etnik qarşıdurma ola bilər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin cənubunda qırğızlarla özbəklər arasında etnik qarşıdurma yaradılaraq prezident seçkilərinin pozulmasına cəhd edilə biləcəyi barədə məlumat aldığını bildirib.

    Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovun xalqa müraciətində deyilir.

    Prezidentin sözlərinə görə, bəzi siyasi qüvvələr kütləvi iğtişaşlar törətmək və səsverməni pozmaq məqsədilə etnik ədavətin qızışdırılması imkanını müzakirə edirlər.

    “Hazırda onlar yalnız bundan danışırlar. Lakin bu təxribatçı planların həyata keçirilə bilməsi ehtimalı var”, – müraciətdə qeyd olunub.

    Japarov bildirib ki, bu cür qarşıdurmalara vətəndaşların milli hisslərinə toxunan yalan şayiələr və təxribat xarakterli bəyanatlar səbəb ola bilər. O, 1990 və 2010-cu illərdə baş vermiş və həm qırğızların, həm də özbəklərin həlak olduğu etnik qarşıdurmaları xatırladıb.

    Qeyd edək ki, Qırğızıstanda prezidentliyə namizədlərin irəli sürülməsi üçün son tarix 12 noyabr saat 23:59-dur. 13 noyabrdan etibarən yeni müraciətlər qəbul edilməyəcək.

    12 noyabr səhəri etibarilə doqquz nəfər prezident seçkilərində iştirak etmək niyyətini bildirib:

    Aymen Kasenov;

    Azamat Esenbekov;

    Siymyk Japykeev;

    Akai Kıdırov;

    İskhak Masaliev;

    Sadyr Japarov;

    Bakıt Kalmamatov;

    Bakıtbek Adılov;

    Amur Aiba Meder.

    Namizədlər arasında 10 noyabrda özünün namizədliyini irəli sürən hazırkı prezident Sadır Japarov da var.

    Qırğızıstanda prezident seçkiləri 27 yanvar 2027-ci il tarixinə təyin edilib.