Avrasiyanın orta enliklərində və dünyanın əksər hissəsində rekord dərəcəli yüksək temperatur yaranacaq.
Rusiya KİV-ləri xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun mətbuat xidməti məlumat yayıb.
Çindən olan iqlimşünaslar, 2023-2024-cü ilin qışında Yer kürəsindəki orta temperaturun rekord dərəcədə yüksək olacağını, son onilliklərdəki göstəriciləri təxminən 95 faiz ehtimalla bir dərəcə selsi üstələyəcəyini müəyyən ediblər.
“Yer səthinin ümumi qlobal istiliyinin 95 faiz ehtimalla 2023-2024-cü ilin qışında yeni rekord göstəriciyə çatacağı gözlənilir. Çin Xalq Respublikasında (ÇXR) temperatur xüsusilə artacaq, bu bölgədə 1991-ci ildən bəri ən isti qış olacaq", – deyə İnstitutun mətbuat xidməti qeyd edib.
İqlimşünasların cari hesablamalarına görə, son 12 aydakı temperatur XX əsrin əvvəlləri üçün xarakterik göstəricilərdən 1,25 dərəcə selsi və daha yüksək olub.
Alimlərin fikrincə, bu rekord göstəricilər təkcə sürətlənən antropogen qlobal istiləşmə ilə deyil, həm də El Nino iqlim fenomeninin aktivləşməsi ilə əlaqələndirilir. Elm adamlarının üç fərqli qlobal iqlim modelindən istifadə edərək kəşf etdikləri bu fenomen 2023-2024-cü ilin qışının 95 faiz ehtimalla rekord dərəcədə isti keçməsinə səbəb olacaq.
Xüsusilə, isti temperatur böyük ehtimalla Arktikada sənayeyəqədərki göstəricilərdən 1,2-1,4 dərəcə yüksək olacaq, həm də bu göstəricilərin normadan 1,1-1,2 dərəcə yüksək olacağı Çin və Orta Asiya ölkələrində xüsusilə artacaq. Eyni şəkildə, Kanada və Alyaskada, eləcə də Cənubi və Mərkəzi Amerikanın Ekvatorial bölgələrində, eləcə də Cənubi Afrika və Avstraliyanın şimal-qərbindəki bəzi bölgələrdə temperatur yüksələcək.
Bununla belə, qış fəslində temperatur Qərbi Avropada, Avropanın bəzi bölgələrində və Rusiyanın Uzaq Şərq hissəsində, eləcə də ABŞ və Argentinada aşağı qalmaqda davam edəcək və ya hətta əhəmiyyətli dərəcədə azalacaq. Bu, həmçinin Sakit okean və planetin El Nino ilə əlaqəli digər bölgələri üzərində hava kütlələrinin hərəkətindəki dəyişikliklərlə əlaqədardır.