BLOQ

Qlobal neft bazarının vəziyyəti necədir?

OPEC-in baş katibi Haysam Əl-Qaysın şərhi

Qlobal neft bazarının vəziyyəti necədir?
Haysam Əl-Qays
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays cari ildə qlobal neft bazarında yaranan vəziyyəti və gələn il üçün perspektivləri şərh edən məqalə ilə çıxış edib.

    Təşkilatın rəsmi saytı xəbər verir ki, baş katib OPEC Katibliyinin tədqiqat qrupunun müxtəlif enerji siyasətində dəyişiklikləri, enerji keçidlərinin sürətini və xarakterini yenidən qiymətləndirməyi, eləcə də iqtisadi mənzərədəki inkişafları öz üzərinə götürdüyünü və neftə tələbatın uzunmüddətli perspektivini yenidən nəzərdən keçirdiyini bildirib. O qeyd edib ki, 2023-cü ildə tərtib edilmiş Dünya Neft Proqnozunda (WOO) neftə tələbatın 2045-ci ilə qədər gündəlik 116 milyon barelə çatacağı müəyyən olunub. Bu, 2022 ildəki proqnozla müqayisədə 6 milyon barel çoxdur və səviyyənin daha da yüksək olması üçün potensial mövcuddur.

    OPEC-in rəhbəri yazıb: “Maraqlıdır ki, bu təftişin demək olar ki, yarısı OECD ölkələrinin payına düşür. Bu, 2022-ci illə müqayisədə gündəlik 2,6 milyon barel artım deməkdir. Bunun əksinə olaraq, əvvəlki proqnozlarda 2045-ci ildə OECD-nin neft tələbində cüzi eniş yönlü düzəlişlər vardı”.

    Baş katib diqqətə çatdırıb ki, OECD-nin neftə tələbatının artması əhəmiyyətli enerji və iqtisadi inkişafların fonunda baş verir, çünki əhali bir çox ilkin xalis sıfır emissiya siyasəti və hədəflərinin onlar üçün nə demək olduğunu görür və siyasətçilər enerji keçid yollarına yanaşmaları yenidən qiymətləndirirlər. Bu, Avropa İttifaqının (Aİ) bir çox ölkələrində, Böyük Britaniyada, ABŞ-da, Avstraliyada hökumətlərin enerji təhlükəsizliyinə və sosial-iqtisadi inkişafa daha çox üstünlük verməsi ilə bağlıdır. Məsələn, ICE satışları və “Aİ EURO 7” emissiya standartları əhəmiyyətli dərəcədə yumşaldılıb. Bu, həmin ölkələrdə və regionlarda neft tələbinə birbaşa təsir edəcək. Bundan əlavə, artan xərclər və tədarük zəncirindəki məhdudiyyətlər səbəbindən bəzi bərpaolunan layihələr təxirə salınıb və ya hətta dayandırılıb.

    Neft tələbinin ötən il ilə müqayisədə gündəlik 3,4 milyon barel artdığı OECD üzvü olmayan ölkələrdə vəziyyətin bir qədər fərqli olduğunu qeyd edən baş katib yazıb: “Daha sürətli sənayeləşmə, daha böyük orta sinfin formalaşması, nəqliyyat xidmətlərində genişlənmə, enerjiyə çıxışın yaxşılaşması və müasir enerji mənbələrinə daha sürətli keçidə gətirib çıxaran daha mülayim siyasət və sürətli iqtisadi artım neftə tələbatı artırır. Nəticədə, sənaye, neft-kimya, aviasiya və yaşayış sahələri də daxil olmaqla, neft istehlakı sektorlarının əksəriyyəti əvvəllər gözləniləndən daha sürətlə genişlənir”.

    Baş katib vurğulayıb ki, dünya əhalisinin sayı artır və gələcək onilliklərdə iqtisadiyyatlar böyüyəcək. Qlobal enerji tələbi 2045-ci ilə qədər olan dövrdə 23 faiz artacaq və hazırda da bu rəqəm təxminən 17 faiz yüksəlib. Eyni zamanda, bərpaolunan enerji mənbələri (günəş, külək, biokütlə və su daxil olmaqla) 200 faizdən çox genişlənir.

    Əl-Qays bildirib ki, dünyada 1,55 trilyon bareldən çox sübut edilmiş xam neft ehtiyatları var. Əsas məsələ kapital tutumlu və uzun müddətə başa gələn və xam neftdən əldə edilən məhsulların gündəlik həyatımız üçün vacib olduğu sənayeyə investisiya qoyuluşudur. OPEC 2045-ci ilə qədər investisiya tələblərinin cəmi 14 trilyon dollar və ya ildə orta hesabla təxminən 610 milyard dollar olacağını proqnozlaşdırır.

    Baş katib diqqətə çatdırıb ki, neft sənayesi də emissiyaları azaltmaq üçün böyük addımlar atır. OPEC-ə üzv ölkələrin mühüm rol oynadığı sənaye artıq hidrogen layihələrinə, karbon tutma istifadəsinə və saxlama obyektlərinə, karbon qazının çıxarılmasına, birbaşa havanın tutulmasına və dairəvi karbon iqtisadiyyatına böyük həcmdə sərmayə qoyur. Bu ölkələr noyabrın sonunda BƏƏ-də başlayacaq COP28 iqlim sammitində iştirak edəcəklər və biz bütün enerjilər, texnologiyalar və bütün xalqlar üçün ədalətli və əhatəli enerji keçidlərinin zəruriliyinin bir daha qeyd edirik.