Qriqoryan və Mustafayev ancaq sərhəddə görüşəcəklər
Delimitasiya üzrə komissiyaların iclaslarının Ermənistan-Azərbaycan sərhədin müxtəlif hissələrində keçirilməsi barədə razılığa gəlinib
Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın ofisində erməni jurnalistlərə bildiriblər ki, hər dəfə delimitasiya üzrə komissiyaların iclaslarının Ermənistan və Azərbaycan sərhədin müxtəlif hissələrində keçirilməsi barədə razılığa gəliblər.
Bundan əvvəl, iyulun 12-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin dördüncü görüşündə bir sıra təşkilati və prosessual məsələlər müzakirə olunub.
Tərəflər növbəti görüşün təşkili üçün məkan kimi bir-birinə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə onlar Tavuş rayonu və Qazax rayonu ərazisində görüşün keçirilməsi barədə razılığa gəliblər.
“Tərəflərin qarşılıqlı razılığı ilə hər dəfə dövlət sərhədinin müxtəlif hissələrində sərhəddə görüşlərin keçirilməsi qərara alınıb”, - Qriqoryanın ofisinin şərhində deyilir.