XƏBƏRLƏR / Təbiət

Quba və Qusar rayonları ərazisindəki çaylardan sel keçib

Fövqəladə Hallar Nazirliyi dağ çaylarında sel hadisəsi ilə bağlı əhaliyə müraciət edib FOTO

Quba və Qusar rayonları ərazisindəki çaylardan sel keçib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bölgədə yağan intensiv xarakterli yağışlar nəticəsində Quba və Qusar rayonları ərazisindən axan çaylarda sululuq artıb, bəzi çaylarda isə sel müşahidə olunub.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

    Monitorinqlərin nəticələrinə görə, Vəlvələçayda suyun səviyyəsi 97 sm, Qusarçayda 73 sm, Qudyalçayda 22 sm, Qaraçayda isə 13 sm artıb.

    Sel hadisələri Quba rayonundan axan Quruçay, Ağçay, Qudyalçay, Vəlvələçay və Karivats çaylarında, Qusar rayonunda Qusarçay, Hilçay, Yasabçay, Mucuqçay, Ləçətçay, Sudurçay və Gündüzqalaçayda, Siyəzən rayonunda Ataçay və Gilgilçayda, Şabran şəhəri ərazisində Dəvəçiçayda, Xaçmaz rayonunda isə Ağçay, Caqacuqçay və Qaraçayda qeydə alınıb.

    Hazırda sel davam edir və vəziyyət tam nəzarətdə saxlanılır.

    Monitorinqlər davam etdirilir, əhalinin təhlükəsizliyi üçün müvafiq tədbirlər görülür.

    ***

    Hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı əhaliyə müraciətində deyilir.

    Bildirilir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

    Belə ki, sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

    Təhlükə zamanı 112-yə zəng edilməsi xahiş olunur.