XƏBƏRLƏR / Qayıdış

Qubadlıda ilk yaşayış məhəlləsinin tikintisi gedir

Layihəyə əsasən, burada ümumilikdə 21 yaşayış binasının inşası nəzərdə tutulub

Qubadlıda ilk yaşayış məhəlləsinin tikintisi gedir
Qubadlıda ilk yaşayış məhəlləsinin layihəsi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İyunun 16-da Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Hazırda ərazidə tikinti işləri sürətlə davam etdirilir.

    Yaşayış kompleksinin ümumi ərazisi 3,34 hektardır. Layihəyə əsasən, burada ümumilikdə 21 yaşayış binasının inşası nəzərdə tutulub. Binalarda 176 mənzil yerləşəcək. Onlardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Mənzillər əsasən iki və üçotaqlıdır. Mənzillərin sahəsi otaqların sayından asılı olaraq 60-95 kvadratmetr arasında dəyişir.

    Layihə yalnız yaşayış binalarının inşası ilə məhdudlaşmır. Məhəllədə sakinlərin rahatlığının təmin edilməsi məqsədilə zəruri sosial və kommunal infrastrukturun yaradılması da nəzərdə tutulub.

    Belə ki, iki binanı birləşdirən keçiddə qeyri-yaşayış binasının, yanğından mühafizə məqsədilə iki yeraltı su anbarının və nasosxananın inşası planlaşdırılır.

    Bundan əlavə, məişət tullantılarının toplanması üçün meydançalar, abadlıq və yaşıllaşdırma əraziləri, istirahət və oyun sahələri, uşaq meydançası, yerüstü və yeraltı avtodayanacaq, həmçinin velosiped dayanacağı yaradılacaq.

    Hazırda 21 binadan və 176 mənzildən ibarət yaşayış kompleksinin bünövrə işləri tamamlanıb, binaların mərhələli şəkildə inşası davam etdirilir. Qeyri-yaşayış binalarının tikintisi də paralel olaraq aparılır.