Qubadlının Mahruzlu kənd nümayəndələri ilə görüş keçirilib
Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yenidən tikiləcək şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin sakinləri ilə görüşlər davam edir. Növbəti görüş Qubadlı rayonunun Mahruzlu kəndinin nümayəndələri ilə keçirilib.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil olunan belə görüşlərin əsas məqsədi ərazilərin tarixi, mədəni irsi və sosial dəyərləri, digər xüsusiyyətləri barədə ətraflı məlumat toplamaq və yaşayış yerlərinin yeni konsepsiyasını sakinlərə təqdim etməkdir.
Qubadlı rayonunun Mahruzlu kəndinin nümayəndələri ilə keçirilən görüşdə kənd sakinlərinə layihələndirilən ərazi barədə ətraflı məlumat təqdim olunmuş və onları maraqlandıran suallar cavablandırılmışdır. Bundan başqa sakinlərin öz kəndləri barədə istək və təklifləri dinlənilib və onlarla fikir mübadiləsi aparılıb