Qayıdış

Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir

YENİLƏNİR

Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 12:40

    Şuşada indiyədək 27-dən çox abidə bərpa olunub, digərlərinin isə bərpa prosesi davam edir. Şuşadakı məscidlərin bir çoxu dağıdılıb və bəzilərinin yerlərini müəyyənləşdirmək belə mümkün deyil.

    Bu sözləri Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktoru Tural Novruzov aprelin 17-də Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda deyib.

    O qeyd edib ki, Şuşa tarixi olaraq məhəllə sistemi üzrə təşkil olunmuşdu – burada 17 məhəllə mövcud idi. Hər məhəllənin öz məscidi və meydanı var idi. Təəssüf ki, bu məscidlərin bir çoxu dağıdılıb və bəzilərinin yerlərini müəyyənləşdirmək belə mümkün deyil.

    T.Novruzov diqqətə çatdırıb ki, ərazidə skanlama və tədqiqat işləri aparılıb, bu işə həm yerli, həm də beynəlxalq mütəxəssislər cəlb olunub. Onlar hər ay əraziyə səfər edir və bərpa işləri ilə bağlı rəy bildirirlər. Hazırda onlar ICOMOS Azərbaycan ilə birgə bu bərpa prosesi ilə bağlı məlumat kitabçasının nəşri üzərində işləyirlər.

    ***

    10:30

    Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. Bu mənada, bugünkü forum həm də bir çağırışdır.

    Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova aprelin 17-də Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunun açılışında deyib.

    “Forum münaqişə zonalarında təhlükə altına düşmüş zəngin və çoxşaxəli mədəni irsin qorunması istiqamətində praktiki strategiyalara, birgə əməkdaşlığa və İslam dünyasında əməkdaşlığın roluna diqqət yetirəcək”.

    Səadət Yusifova diqqətə çatdırıb ki, Forumda İslam dünyası bir araya gələrək münaqişə dövrlərində mədəni irsə dəyən zərərin miqyasını qiymətləndirmək, münaqişədən zərər görmüş mədəni obyektlərin qorunması üçün tədbirləri gücləndirmək, tarixin, incəsənətin və kimliyin gələcək nəsillər üçün yaşamasını təmin etmək imkanı əldə edəcəklər.

    “Forumda, həmçinin mədəni irsin qorunması, bərpası və yenidən canlandırılması sahəsində ən yaxşı təcrübələrin paylaşılması, münaqişə vəziyyətlərində mədəni irsin qorunması üçün daha güclü hüquqi çərçivələrin təbliği və gələcək nəsillər üçün davamlı strategiyaların hazırlanması məsələləri müzakirə ediləcək”,- deyə mədəniyyət nazirinin müavini vurğulayıb.

    ***

    09:38

    Aprelin 17-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” adlı I İslam Dünyası Mədəni Forumu keçirilir.

    Forumun açılışında beynəlxalq ekspertlər, eləcə də mədəni irsin qorunması sahəsində çalışan mütəxəssislər iştirak edirlər.

    Forumun əsas məqsədi postmünaqişə dövründə bölgələrdə dağıdılmış və təhlükə altında olan mədəni irsin qorunması, yenidən bərpası və bu sahədə İslam dünyası ölkələri arasında əməkdaşlığın gücləndirilməsidir.

    Forum çərçivəsində “Beynəlxalq qoruma mexanizmlərinin təcrübədə tətbiqi: Postmünaqişədən sonra İslam Dünyasında mədəni irsin nümunələri” mövzusunda müzakirələr aparılacaq. Panel zamanı iştirakçılar müxtəlif ölkələrdən olan uğurlu bərpa layihələri, hüquqi və institusional yanaşmalar barədə təqdimatlar edəcəklər.

    Növbəti panel isə “Mədəni irsin canlandırılması: Texnologiya, innovasiya və rəqəmsallaşma” mövzusuna həsr olunacaq. Burada müasir texnologiyaların irsin sənədləşdirilməsi və qorunmasında oynadığı rol, o cümlədən süni intellekt və 3D modelləşdirmə texnologiyalarının tətbiqi imkanları müzakirə ediləcək.