XƏBƏRLƏR / Təbiət

Qubanın Rustov-Xanəgah yolunda torpaq sürüşməsi olub

Hərəkət çətinləşib

Qubanın Rustov-Xanəgah yolunda torpaq sürüşməsi olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Quba rayonunda bir neçə kəndi birləşdirən Rustov-Xanəgah avtomobil yolunun bəzi hissələrində torpaq sürüşməsi qeydə alınıb.

    Sürüşmə əsasən avtomobil yolunun 7-ci və 10-cu kilometrlik hissələrində müşahidə olunur. Son günlər yağan yağışlardan sonra ərazidə sürüşmə yenidən aktivləşib, yolun bəzi hissələrində asfalt örtüyü dağılıb və hərəkət hissəsi daralıb.

    Sürüşmələr əsasən Çağacıq çayına yaxın ərazilərdə qeydə alınıb. Çayda yaranan sel yolun kənarlarını yuyub, bəzi hissələrdə isə hərəkət hissəsində çökmə və uçqunlar yaranıb.

    Yolda yaranan problem Xanəgah kəndi ilə yanaşı, Zıxır, Girdəh və Dalıqaya kəndlərinin sakinlərinin də gediş-gəlişində çətinlik yaradır. Sürücülərin sözlərinə görə, xüsusilə gecə saatlarında yolun sürüşmə baş verən hissələrindən istifadə zamanı təhlükə yaranır.

    Rustov kənd bələdiyyəsinin sədri Behbud Rəhimov bildirib ki, çökmə baş verdikdən sonra Quba Rayon İcra Hakimiyyətinə məlumat verilib. Rayon rəhbərliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə gələrək vəziyyətlə tanış olublar.

    Bildirilib ki, hazırda istifadədə olan yolun çökmə baş verən hissənin bərpasına yaxın vaxtlarda başlanılması və yolun tam təmir edilməsi nəzərdə tutulur.

    Təhlükəsizliyin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürüşmə baş verən ərazilərin kənarlarına xəbərdarlıq lentləri çəkilib və yol nişanları quraşdırılıb.

    Sürücülərə həmin yoldan istifadə edərkən diqqətli və ehtiyatlı olmaları tövsiyə olunur.