BLOQ

Quran və nisbilik nəzəriyyəsi 

II hissə 

Quran və nisbilik nəzəriyyəsi 
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Quranın nazil olmasından 15 əsr keçməsinə baxmayaraq, müsəlman dünyası ictimai və iqtisadi həyatları ilə əlaqəli olan yüzlərlə hökmün nisbi olaraq zaman və məkana görə dəyişməli olduğunun fərqinə varmadılar. Məsələn, dini vergi olan xüms və zəkat adlı vergi sistemi hələ də orta əsrin təyinatı üzrə qalmaqdadılar. Nümunə olaraq: Peyğəmbər öz zamanında heyvandarlıq və əkinçiliklə əlaqəli olan sahələrdən əldə olunan gəlirləri nəzərə alaraq həmin sahələr üzrə vergi təyinatını müəyyən edir: dörd bitki (buğda, arpa, kişmiş və xurma) üç heyvan üçün (dəvə, qoyun və iri buynuzlu mal-qara) və iki dəmir (qızıl və gümüş).  Üstündən neçə il və əsrlər keçir kənd təsərüfatında digər sahələr inkişaf edir. Məsələn, arıçılıq, balıqçılıq, baramaçılıq, quşçuluq və s.

    İndi diqqət edin. 40 qoyunu olana 1 qoyun zəkat olaraq təyin edilir, amma fermasında 10.000 quşu olana heç nə. Bir halda ki, hər şey nisbi olaraq zaman və məkanın tələblərinə hesablanmalı idi, amma olmadı. Bir halda ki, qanunların zaman və məkana görə dəyişməli olduğuna Bəqərə surəsinin 106 cı ayəsində açıq-aydın işarə olunur. "Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!".

    Başqa bir nümunə. Bəzən qarşılaşdığımız bir çox hadisələr bizim üçün xoşagəlimli və əksinə ola bilər. Amma o bizə görə belədir. Çünki burada da zaman və məkan öz sözünü deyir. Yenə də Bəqərə surəsinin 216-cı ayəsində deyilir: "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz".

    Bunu bilən yalnız Allahdır. Çünki O bizdən fərqli olaraq qərar tutduğumuz zaman və məkandan kənardadır. Yəni, O zaman və məkanın hakimi, biz isə zaman və məkanın məhkumuyuq. Və bu gün yaşadığımız zaman və məkanda bizə faydalı olan hər hansı bir şey və ya şərait zaman və məkanın dəyişməsi ilə ziyanımıza olur və nisbiliyini ortaya qoyur.

    Bu barədə bir hekayə nəql edilir.

    Bir kişinin bir atı olur. Günlərin bir günü at evdən qaçıb gedir. Qonşular da ona təskinlik verirlər. Kişi isə kefini pozmadan deyir: "Bilmək olmaz zərərimizədir, ya xeyrimizə". Bir həftə sonra həmin at bir ilxı atı özü ilə kişinin qapısına gətirir. Bu dəfə hamı onu təbrik edir. Kişi bu dəfə də deyir: "Bilmək olmaz xeyrimizədir, ya ziyanımıza". Sabahı gün oğlu atları otlağa aparanda gözünün ağı-qarası olan oğlu atdan yıxılıb ayaqlarını sındırır. Qonşular bu dəfə ona təskinlik verməyə gəlirlər. O bu dəfə də deyir: "Bilmək olmaz nə ziyanımızadır, nə xeyrimizə". Sabahı gün müharibə başlayır və bütün cavanlar müharibəyə aparılır. Kişinin oğlunu isə aparmırlar... Bax, beləcə, biz hadisələrin pərdə arxasını görmədiyimiz üçün bir çox şeylərə mütləq mənada qiymət veririk. Bir halda ki, baş verən bütün hadisələr nisbi və zaman çərçivəsində onun kimi nisbidirlər.