Qurban bayramı İslamın iki ən böyük bayramından biridir. Qurbanlıq ənənəsi hələ qədim dövrlərdən insanlar arasında geniş yayılmışdır. Bir sıra inanclara görə, İlahidən əhəmiyyətli bir şey dilədikdə bu diləyin qəbul olunması üçün mütləq qurban vermək lazım idi. Bəzi inanclarda qəbilənin yeniyetmə və ya gənclərindən birinin həyatına qurbanlıq adı ilə qəsd edirdilər. Bir çox qəbilələrdə adətən qurbanlıqlar qızlar olurdu. Beləliklə, güya Allah yolunda günahsız birinin qanı axıdılır və buna qurbanlıq adı verilirdi. Bir sıra digər inanclarda bu niyyətlə dəyərli hesab olunan başqa şeylər də İlahiyə “qurban” verilirdi. İbtidai düşüncəyə malik olan insanlar belə hesab edirdilər ki, bir şeyin müqabilində insanlara olduğu kimi Allaha da mütləq nəyisə vermək lazımdır. Belə düşünürdülər ki, Allahın verilən bu qurbanlara ehtiyacı var və bu ehtiyac ödənilərsə, mütləq diləklər yerinə yetiriləcəkdir. Beləcə, ilin məhsuldar olması, yağışın yağması, ovun uğurlu olması, savaşlarda qələbə qazanılması və s. kimi şeylər üçün qurbanlıqlar verilirdi. Halbuki, heç şübhəsiz ki, Uca Allahın heç bir şeyə ehtiyacı yoxdur. Rəbbimiz “İxlas” surəsinin 2-ci ayəsində belə buyurur: “Allah (heç kəsə, heç nəyə) möhtac deyildir!”. İnsanların qurbanlığa belə primitiv və xürafatla yanaşdığı bir dövrdə Uca Yaradan Öz peyğəmbəri Həzrət İbrahimi (ə) sınağa çəkir. Bu hadisə ilə qurbanlığın həqiqi, ilahi mahiyyəti bəşəriyyətə tam təfsilatıyla açıqlanıb, tarixə həkk olunur.
Əzizi ilə sınanan peyğəmbər
Həzrət İbrahim peyğəmbər qocalıb ixtiyar yaşına çatmışdır. Yaşı ötsə də, hələ də oğul-qız sahibi olmamışdı. O, bol-bol dua edib, Allahdan nəslini davam etdirəcək övlad diləyirdi. Qoca yaşlarında Həzrət İbrahimlə zövcəsi Həcərə Allah övlad payı nəsib etdi. Bu uşağın adını İsmail qoydular. İsmail böyüyüb yaraşıqlı bir oğlan oldu. Atası onu çox sevirdi. Bu vaxt Allah-Təala İbrahim peyğəmbəri sınağa çəkmək istədi. O, yoxlamaq istədi ki, görəsən İbrahim Allahı daha çox sevir, yoxsa İsmaili. Bir gecə yatdığı vaxt İbrahim peyğəmbərə vəhy gəlir ki, dünyalarca sevdiyi İsmaili Allah yolunda qurban kəssin. Səhər o, İsmaili də özüylə götürüb Məkkədən çıxdı. Ata-oğul birlikdə şəhər kənarındakı Mina dağına yollandılar. İbrahim peyğəmbər öz məqsədini hələ oğluna açıb deməmişdi. Mina dağına çatanda Həzrət İbrahim İsmailə söylədi:
- Oğlum, Allah mənə əmr edib ki, səni qurban kəsim. Ona görə də bu gün səni buraya gətirdim.
İsmail atasına ədəblə belə cavab verdi:
- Ata, sən peyğəmbərsən. Nə etmək lazım olduğunu yaxşı bilirsən. Mən heç vaxt Allahın əmrindən və sənin sözündən çıxmaram. Allah sənə nə əmr edibsə, onu yerinə yetir. Mən Allah yolunda hər bəlaya, hətta ölümə də səbrlə dözərəm...
İbrahim peyğəmbər oğlu ilə halallaşıb onu yerə uzandırdı, bıçağı əlinə götürüb onun boğazına çəkdi. Amma Allahın əmri ilə bıçaq İsmailin boğazını kəsmədi. Həzrət İbrahim bıçağı bir də, sonra bir də çəkdi. Amma İsmailin boğazı yenə kəsilmədi. Bu zaman Allah-Təala Cəbrayıl mələyi iri bir qoçla İbrahimin yanına yolladı. Cəbrayıl İbrahim peyğəmbərə dedi:
- Ey İbrahim! Allah sənin sədaqətini yoxlamaq istəyirdi. Sən sübut etdin ki, doğma oğlunu da Allaha qurban verməyə hazırsan! Bu bir imtahan idi. Allah istəmir ki, İsmail ölsün. Gətirdiyim bu qoçu İsmailin əvəzində Allaha qurban kəs!
İbrahim peyğəmbər oğlunu yerdən qaldırdı, sonra Allah yolunda qoçu qurban kəsdi.
Zil-hiccənin 10-u
Bu hadisə Zil-hiccə ayının onuncu günü baş vermişdir. Həmin günü müsəlmanlar Qurban bayramı günü kimi qeyd edirlər. İndi də qurban bayramında dünyanın hər bir yerində yüz minlərlə müsəlman İbrahim peyğəmbərin hərəkətlərini təkrar edir, Allah yolunda qurbanlar kəsirlər. Həcc ziyarətində olan zəvvarlar üçün isə Qurban bayramı günü qurban kəsmək vacibdir. Artıq bəşəriyyət anlayır ki, Allahın heç nəyə ehtiyacı yoxdur və bizdən tələb olunan sadəcə fədakar olmamız, Onun yolunda hər an hər şeyimizdən keçməyə hazır olmamızdır. Bu, bir sədaqət göstəricisidir. Deməli, bu gün kəsilən qurbanlar həm də bir simvoldur. Allaha sədaqət və fədakarlıq simvolu! Qurban kəsən insan qurbanlıq heyvanı Allah yolunda kəsdikdə səmimi qəlbdən Həzrət İbrahimin əlinə bıcaq alıb, oğlu İsmaili kəsmək istəyərkən keçirdiyi o hissləri keçirməlidir. Bütün vücudu ilə, qəlbilə, ruhu ilə Allaha bildirməlidir ki, mən də İbrahim kimi Sənin yolunda hər şeyimdən keçməyə hazıram! Malımdan, mülkümdən, varımdan, dövlətimdən, canımdan və həyatda ən əziz saydıqlarımdan belə!..
Qurban bayramının mahiyyəti
Qurban kəsib, Həcc əməllərini tamamlayan şəxs əslində bütün nəfsi istəklərini Allaha təslim etmiş olur. Onun kəsdiyi qurbanlıq zahirdə sadəcə bir heyvan, əslində isə dünyaya olan aşırı bağlılıqlarıdır. O, qurbanını kəsməklə, bu bağlılıqlarını kəsib, Allaha təslim edir və Həzrət İbrahim məqamına doğru ucalır. Belə bir şəxs üçün artıq Allah yolunda günah işlərdən çəkinmək adi bir işə çevrilir. Qurban bayramının BAYRAM olmasının mahiyyəti də elə ilk növbədə bununla bağlıdır. İnsan Allah yolunda hər şeyini QURBAN verməyə hazır olduğunu nümayiş etdirir, onu dünyaya bağlayan ağır zəncirləri qırıb, onlardan xilas olur, nəfsani istəkləri üzərində zəfər çalır və bu möhtəşəm qələbə münasibətilə sevinib, BAYRAM edir. Deməli, Qurban – insanın Allah qarşısında Fədakarlıq bayramıdır. Bu, Allaha “ləbbeyk!” deməyimizin mənəvi formuludur...
Bütün bunlardan çıxış edərək, qurbanlıq heyvanın bir simvol olduğunu anlaya bilərik. Allah-Təala bizlərə qurbanlıq olaraq heyvan kəsmək və ondan ehtiyaclılara ehsan vermək yolunu öyrədir. Və insanlara anladır ki, Onun qurbana ehtiyacı yoxdur, bizim öz nəfsimiz üzərində qalib gəlməmiz, təqvalı olmamız, Allaha doğru daha da ucalmamız üçün buna ehtiyacımız var. Rəbbimiz buyurur:
“Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır... Onların (qurbanlıq heyvanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Allah sizi doğru yola yönəltdiyi üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə müjdə ver!” (Surə 22, ayə 36-37).
Həzrət Məhəmməd peyğəmbərin ulu babası...
İsmail bir qurbanlıq nümunəsidir. Hətta kəsilməsə belə! Qeyd edək ki, Allah-Təala Həzrət İsmailə də peyğəmbərlik verir. O, Ərəbistan torpağında yaşayıb, insanları Allahın yoluna dəvət edir və camaatı İbrahim peyğəmbərin tapşırıqlarına əməl etməyə çağırırdı. Həzrət İsmailin çoxlu oğul-uşağı olur. Onun nəsli min illər boyunca davam edir. Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd də İsmail peyğəmbərin nəslindən doğulub. Yəni Həzrət İsmail Məhəmməd peyğəmbərin ulu babasıdır.
İbrahim peyğəmbərin qurban əhvalatı müqəddəs kitabımız Qurani-Kərimdə nəql edilir. Rəbbimiz “Saffat” surəsinin 100-108-ci ayələrində belə buyurur:
“(İbrahim müqəddəs torpağa yetişdikdə dua edib) dedi: "Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!" Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. O, yüyürüb-qaçmaq və atasına kömək edə bilmək çağına çatdıqda (İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!" Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüüstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: "Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!" (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (gözəl xatirə) qoyduq”.
Ehsan edənlərə müjdə...
Bu əhvalatla Rəbbimiz insanlara öyrətdi ki, Allah yolunda kəsilən qurbanın mahiyyəti onu bilavasitə Allaha təqdim etmək deyil, Onun buna heç bir ehtiyacı yoxdur. Əhvalatdan gördüyümüz kimi, bununla bir tərəfdən Həzrət İbrahim peyğəmbər sınandı, ən əzizi və sevimlisini Allah yolunda qurban verməyə hazır olduğunu səmimi qəlblə nümayiş etdirdi. Digər tərəfdən Mehriban Rəbbimiz heyvan kəsməyi buyuraraq qurbanın mahiyyətini açıqladı, Onun yolunda kəsilən qurbanları ehtiyacı olanlara təqdim edək, özümüz də bu qurbanlıqdan dadaraq onun əsas hissəsini kasıblara, imkansızlara paylayaq, Allah yolunda ehsan edək. Bir daha Rəbbimiz buyurduğu bu ayəyə diqqət yetirək:
“Onların (qurbanlıqların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır... (Ey Məhəmməd!) Ehsan edənlərə müjdə ver!” (Surə 22, ayə 37).
Allah bizləri həqiqi təqva sahibi və müjdə verilənlərdən qərar versin. AMİN!
ilahiyyatçı-alim, fəlsəfə doktoru