17:48
Baş Prokurorluq "Qurtuluş" Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
16:32
Narkomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi ilə bağlı fəaliyyət göstərən "Qurtuluş" reabilitasiya mərkəzi ilə bağlı cinayət işi başlanılıb.
Cinayət işi mərkəzlə bağlı prokurorluğa şikayət əsasında fakta görə açılıb.
Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi üzrə istintaq gedir.
İlkin məlumata görə, şikayət prokurorluğa dekabr ayında daxil olub.
Xatırladaq ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir neçə gün öncə mərkəzi tərk edib.

1 dəqiqə