XƏBƏRLƏR / Məhkəmə

"Qurtuluş"la bağlı 3 nəfər həbs olunub

YENİLƏNİB

"Qurtuluş"la bağlı 3 nəfər həbs olunub
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 20:52

    “Qurtuluş Reabilitasiya Mərkəzi”MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

    Bu barədə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, ilkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilib ki, toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Qeyd olunan qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    ***

    19:00

    "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

    Sumqayıt şəhər Məhkəməsində prokurorluğun təqdumatı əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    ***

    17:37

    "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimat məhkəməyə daxil olub.

    Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev barəsində təqdimata Sumqayıt Şəhər Məhkəməsində baxılacaq.

    Onlar barəsində həbs qətimkan tədbiri seçilməsi gözlənilir.

    ***

    "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı saxlanılıb.

    Prokurorluq əməkdaşları tərəfindən Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev tutulub.

    Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

    Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

    Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur.