XƏBƏRLƏR / Rəsmi

“Respublika Qan Bankı” publik hüquqi şəxs yaradılır

İlham Əliyev Fərman imzalayıb

“Respublika Qan Bankı” publik hüquqi şəxs yaradılır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Prezident İlham Əliyev “Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

    Fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” (bundan sonra – Qan Bankı) publik hüquqi şəxs yaradılıb.

    Fərmanla müəyyən edilib ki, Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir. Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Qan Bankının fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir.

    Fərmana əsasən, Səhiyyə Nazirliyi Qan Bankının nizamnaməsini iki ay müddətində təsdiq etməlidir.