Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalanıb
"Şimal-Cənub” marşrutu Azərbaycandan keçsə də, İran Prezidenti çıxışında bir dəfə də olsun ölkəmizin adını çəkmədi
Rusiya Prezidenti Vladimir Putin və İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi videobağlantı vasitəsilə Rusiya hökuməti ilə İran hökuməti arasında İran üçün mal və xidmətlərin layihələndirilməsi, tikintisi və təchizatının maliyyələşdirilməsi sahəsində əməkdaşlıq və "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların inkişafı üçün İranda Rəşt-Astara dəmir yolunun yaradılması haqqında Sazişin imzalanması mərasimində iştirak ediblər.
Xəttin uzunluğu 162 km olacaq. O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək.
Rəşt-Astara xətti Moskva və Tehranın iştirakı ilə çəkiləcək.
İran Astarası ilə Azərbaycanın Astarası arasındakı xətt isə - Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcəyi planlaşdırılsa da, Rəisi öz çıxışında bir dəfə də olsun Azərbaycanın adını çəkmədi.
İran Prezidenti çıxışında qeyd etdi ki, bu yol İran ərazisindən keçən, Türkmənistan-Qazaxıstandan - "Şərq", Xəzər dənizindən - "Mərkəzi" dəhlizləri nəzərə alsaq, 3-cü - "Qərb" marşrutudur.
Lakin Rusiya Prezidenti bildirdi: "Yeni marşrutla malların Sankt-Peterburqdan Mumbaya çatdırılması təxminən 10 gün çəkəcək. Müqayisə üçün deyim ki, ənənəvi ticarət marşrutları üzrə səyahət müddəti 30-45 günə qədərdir".
Rusiya Prezidenti Putin çıxışında deyib ki, "Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir. Biz Rusiya Federasiyası, İran və Azərbaycan arasında dəmir yolu və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edirik. Bu, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün zəruri hüquqi baza təşkil edəcək".