BLOQ

Rəsulzadə - 140

“II Beynəlxalq Rəsulzadə Qiraətləri”

Rəsulzadə - 140
  • Oxuma müddəti:

    8 dəqiqə

  • “Rəsulzadənin siyasi baharı”nda 1917-ci ilin müsəlman qurultayları mövzusunun davamı kimi “II... Qiraətlər”dəki ikinci məqalə də böyük əhəmiyyət kəsb edir və onun yazılmasının çox önəmli kiçik tarixçəsi var. Məsələ ondandır ki, Azərbaycan tarixşünaslığından fərqli olaraq Rusiya tarixşünaslığında bu mövzu – Ümumrusiya Müsəlmanlarının Moskva qurultayı (1-10 may 1917) əsasən tatar müəllifləri tərəfindən, həm də “tatar-sentrik” mövqedən çox geniş və ətraflı tədqiq olunub. Rusiyanın müxtəlif bölgələrinin türk-tatar əhalisini (Qazan, Krım, İdel- Ural və d.) təmsil edən tatar ziyalıları imperiyanın müsəlman xalqlarının siyasi hüquqları uğrunda 1905-ci ildən başlayan mübarizədə həqiqətən aparıcı qüvvə idilər. Amma bu, qətiyyən həmin hərəkatda ilk növbədə Əli Mərdan bəy Topçubaşovun timsalında azərbaycanlı xadimlərin rolunu azaltmır.1917-ci il Moskva qurultayında Topçubaşovun yanında artıq Rəsulzadə də var idi və qurultayın əsas məsələsi – yeni Rusiyanın dövlət quruculuğu və müsəlman xalqlarının siyasi hüquqları – üzrə unitaristlərlə federalistlərin kəskin qarşıdurmasında unitarist Əhməd Salikova opponentliyi məhz federalist Rəsulzadə etmiş və sonuncunun qətnaməsi böyük səs üstünlüyü ilə qəbul olunmuşdu.

    Haşiyə çıxaq ki, o dövr Moskva qurultayının materiallarını da köhnə əlifba ilə məhz tatar xadimləri nəşr etmişdilər və sonrakı tədqiqatlar da əsasən bu yeganə sənəd və dövrün mətbuatı, yenə də əsasən tatar qəzetləri üzərində aparılırdı. Bu baxımdan heç təəccüblü deyil ki, tanınmış tatar-rus tarixçisi, Rusiya müsəlmanları haqqında sanballı monoqrafiyaların müəllifi, Qazan Federal Universitetinin professoru, tarix elmləri doktoru, bizim də hörmətli həmkarımız və rəfiqəmiz Dilara xanım Usmanova (məşhur tarixçi, şərqşünas, Z.Bünyadovun yaxın dostu, akademik Mirqasım Usmanovun qızı) bu qurultayla bağlı araşdırmalarında əsas diqqəti tatar xadimlərinin fəaliyyətinə vermişdi. Təbii ki, bu zaman Topçubaşovun və Rəsulzadənin də adları çəkilirdi, amma müqayisə edilərsə bu xatırlanmalar heç cür qənaətbəxş sayıla bilməzdi. Bu iradımı Dilara xanıma çatdıranda, o, əlində yalnız həmin qurultayın yığcam yazılmış hesabatı olduğunu əsas gətirmişdi. Rəsulzadənin bu qurultayın xronikasına dair “Açıq söz” qəzetində silsilə yazılarından və öz nitqlərinin (2 dəfə çıxış edib) tam mətnlərinin dərcindən xəbərsiz idi. Həmin materialları Dilara xanıma göndərdim və “II... Qiraətlər” üçün bu mövzuda yeni, orijinal məqalə yazmasını xahiş etdim. İndi budur, onun “Ümumrusiya müsəlman qurultayında (Moskva, 1917-ci il) “Azərbaycanın səsi”: tatardilli sənədlərin əsasında” məqaləsini sizə təqdim edirəm.

    Əvvəlcədən qeyd edim ki, bu geniş əhatəli məqalə iki görkəmli Azərbaycan siyasi xadimi - M.Ə.Rəsulzadə və Ə.M.b.Topçubaşovun Moskva qurultayında iştirakının xarici tədqiqatçı tərəfindən təhlili ilə yanaşı ümumən qurultayın özü haqqında çoxsaylı mənbə bazasına söykənən fundamental araşdırma kimi böyük əhəmiyyət kəsb edir. Azərbaycan oxucusu üçün bu materiallar və onların Müəllif təfsiri xüsusilə önəmlidir. Belə ki, Moskva qurultayı ən çoxsaylı, geniş nümayəndəli və azad mühiti ilə keçmiş Rusiya imperiyasının müsəlman xalqlarının ictimai və milli həyatının inkişafında mühüm bir mərhələ idi. Müəllifin qurultayın xronologiyasını gözləməklə apardığı təhqiqatın məzmunu məqalənin yarımbaşlıqlarından aydın görünür: Moskva qurultayı ictimai diqqət nəzərində: mənbə bazasının xüsusiyyətləri və problemləri; I Moskva qurultayı: tarixi konteksti və nümayəndələrin seçimi; İclasların keçirilmə qaydası və müzakirə olunan problemlər; Milli-dövlət quruculuğu məsələsi - qurultayın işinin əsas bəndi və M.Ə.Rəsulzadənin “ulduz saatı”; Debatlar: sosial məsələlərdən gender probleminə qədər; Yekun mərhələ: seçkilər, qəbul edilmiş qərar və qurultayın ümumi yekunları.

    Beləliklə, çox qısa şəkildə D.Usmanovanın qurultayın yekunları haqda fikirləri ilə tanış olaq:
    Dilarə Usmanova
    İmperiyada hakimiyyət dəyişikliyindən və ictimai münasibətlərin əsaslı transformasiya prosesinin başlanmasından dərhal sonra çağırılmış bu məclis ölkənin müxtəlif müsəlman regionlarının (İdel-Ural, Türküstan, Qafqaz, Krım) nümayəndələrinin ölkənin yenidən qurulmasının aktual məsələləri üzrə ümumi fikrini işləyib hazırlamalı idi. Lakin təşkilatçıların ən mübahisəli məsələlərə dair ümumi rəyə gəlmək cəhdlərinə baxmayaraq, qurultay maraqların toqquşduğuna, məqsədlərin müxtəlifliyinə, eləcə də dini, sosial və etnik göstəricilərinə görə vahid “müsəlman milləti” layihəsinin yaşar qabiliyyətini sual altına qoyan parçalanmanın artıq ortaya çıxdığını açıq nümayiş etdirdi. 1917-ci ilin olayları yeni siyasi təmayülləri ( “vahid müsəlman milləti” layihəsinin “regionallaşması” və “etnikləşməsi”), eləcə də müsəlman siyasi elitasının yeniləşmə prosesini ifadə etdi. Moskva qurultayının gedişində yerli milli proyektləri müdafiə etdiklərinə baxmayaq bir sıra regional liderlərin səsləri və mövqeləri çox aydın eşidildi və onlar ümumrusiya miqyasında tanındı.

    Bu sonuncular arasında Müəllif birmənalı olaraq “”Ulduzu” tam mənası ilə məhz 1917-ci ildə parlamış” Məhəmməd Əmin Rəsulzadənin adını çəkir. Məqalədə Rəsulzadənin qurultaydakı iştirakı geniş təhlil olunmaqla yanaşı, onun Azərbaycan milli hərəkatı çərçivəsində olduqca populyar ictimai xadim, publisist və siyasətçi, hələ I dünya müharibəsindən əvvəl “Müsavat” partiyasının yaradıcısı və lideri kimi çıxış etdiyi göstərilir. Lakin D.Usmanovaya görə “məhz 1917-ci ildə Rəsulzadə tanınmış ümummilli liderə və ümumrusiya səviyyəsində müsəlman siyasi xadimə çevrildi və onun federalizm prinsipinin müdafiəsinə həsr edilmiş mühüm nitqlərinin səsləndirildiyi Moskva qurultayı bu hadisədə əsas rol oynadı”.

    Burada yenə bir haşiyə çıxım ki, “II ...Qiraətlərə” mənim təqdim etdiyim məqalədə də Rəsulzadənin Bakı və Moskva qurultaylarındakı iştirakı başqa bir aspektdə geniş tədqiq olunur, yəni bu mövzuya dərindən bələdəm. Lakin D.Usmanovanın məqaləsindən mən də özüm üçün yeni və olduqca xoş bir məlumat əxz etdim. Moskva qurultayının gedişini işıqlandıran tatar qəzetlərinin şəhadətinə görə məruzəsini rus dilində kağızdan oxuyan osetin Ə.Salikovdan fərqli olaraq Rəsulzadənin milli, öz doğma ədəbi Azərbaycan-türk dilində, sinədən, çox səlis, yüksək emosional ruhlu və məntiqi nitqi, gözəl səsi, diksiyası və inandırmaq qabiliyyəti qurultay iştirakçılarında olduqca güclü əhval-ruhiyyə oyatmış və dəfələrlə alqışlarla müşayiət olunmaqla səsvermənin nəticələrinə də birbaşa təsir qoymuşdur...