BLOQ

Toya bir həftə hazırlaşan xanımlar...

Özünüzü də, başqalarını da aldatmaqdan xoşunuz gəlir?

Toya bir həftə hazırlaşan xanımlar...
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Feysdə nə qədər qızlar, elə oğlanlar da müxtəlif rəngli fonlarda şəkillər paylaşır. Süni şəkildə özlərini gözəlləşdirirlər. Kimsə baxıb xoşu gəlir. Sonra realda bir-birlərini görəndə bilirsiniz nə qədər məyus olurlar? Üzlərinə deyə bilməsələr də, o narahatlıq içdə yaranır, əmin olun.

    Özünüzü də, başqalarını da aldatmaqdan xoşunuz gəlir? Necəsənsə şəklini olduğu kimi çəkib paylaşanda qanınız qaralır? Yalandan gözəl görünmək arzusu nədir insanlarda? Əsl simanızla reallıq arasında ziddiyyəti niyə bu qədər dərinləşdirirsiniz?

    Dəfələrlə şahidi olmuşam, toya bir həftə hazırlaşan xanımlar var. Saç, üz, göz, aləmi qatırlar bir-birinə. Elə bilirlər gözəl görünürlər. Kimsə durub deməyəcək ki, özünü niyə bu günə qoymusan? Hamısı da yalandan supersən, nə gözəlsən deyə-deyə bir-birlərini yola verir.

    Elə qızlar da olur, heç hazırlaşıb eləmir, sadə bir don, saçına da ağ bir bant bağlayıb gedir toya, bütün diqqət də onun üzərində olur. Təbiilikdən gözəl nə ola bilər? Elə evliliklər olur, oğlan "kraska"dan qızın üzünü görə bilmir. Deyə də bilmir ki, sən canın, bu kraskanı-zadı yu, təmizlə, sənə bir dəfə olduğun kimi baxım, görüm necəsən? Mümkün deyil. Əsl sifətini görəndə də iş-işdən keçmiş olur.

    Hələ o xiyar qabığından maska düzəldənlərdən danışmıram.