14:45
Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Bu barədə DSX məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilmişdir.
***
Qarabağda olan rusiyalı milyarder Ruben Vardanyanın arvadı "Kommersant" qəzetinə deyib ki, əri ilə əlaqə saxlaya bilmir.
“Qazprom-Media Holdinq”in baş direktorunun müavini Tina Kandelaki isə öz "Telegram" kanalında yazıb ki, Ruben Vardanyan Azərbaycan hərbçiləri tərəfindən həbs edilib.
TASS-ın mənbəsinin məlumatına görə, Vardanyan Gorus şəhərinə getmək istəyərkən Azərbaycanla sərhəddə saxlanılıb. “Ruben Vardanyan Həkəri körpüsünü keçərkən saxlanılıb”, - agentliyin həmsöhbəti deyib.
Ermənistanın bəzi xəbər saytları və teleqram kanalları da qondarma “Artsaxın keçmiş dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyanın saxlanıldığı barədə məlumat yayıblar.
Yayılan xəbərlərdə Ruben Vardanyanın Laçın yolunda saxlanıldığı bildirilib.
Hələlik bununla bağlı rəsmi məlumat almaq mümkün olmayıb.
1968-ci il təvəllüdlü erməni milyarder Ruben Vardanyan Yerevanda anadan olsa da, sərvətini Rusiyada qazanıb. "Forbes" jurnalı onun varidatının təxminən 1 milyard dollar həcmində qiymətləndirir. Vardanyan 2021-ci ildə Ermənistan vətəndaşlığı alıb. O, qərarını II Qarabağ müharibəsindən sonra erməni xalqına dəstək olmaq istəməsiylə əlaqələndirib. Milyarder əvvəlcə hansısa dövlət vəzifəsini tutacağını rədd eləsə də, sonradan Qarabağdakı erməni seperatçılarının rəhbəri Araik Arutunyanın "dövlət naziri" vəzifəsini tutmaq təklifini qəbul edib. O, bir müddət bu qondarma "vəzifə"ni daşıyandan sonra "istefaya göndərilib".
Qeyd edək ki, Vardanyanın Qarabağdakı separatçı rejimin "dövlət naziri" elan edilməsindən sonra azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda aksiya keçirməyə başlamışdılar.
Bəzi ekspertlər Vardanyanın məhz Rusiyanın himayəsi ilə Qarabağa gətirildiyini bildirirlər.