Rumıniya, Bolqarıstan və Türkiyənin hərbi mobillik dəhlizi
Qərar NATO-ya üzv ölkələrin hərbi idarə rəhbərlərinin Brüsseldə keçirilən iclasında qəbul olunub
Rumıniya, Bolqarıstan və Türkiyə arasında hərbi mobillik dəhlizi yaradılacaq.
Rumıniya, Bolqarıstan və Türkiyə arasında hərbi mobillik dəhlizinin yaradılması ilə bağlı NATO-ya üzv ölkələrin hərbi idarə rəhbərlərinin Brüsseldə keçirilən iclası çərçivəsində Rumıniyanın milli müdafiə naziri Anjel Tılver niyyət məktubu imzalayıb.
Bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Getdikcə mürəkkəbləşən qlobal təhlükəsizlik vəziyyəti kontekstində silahlı qüvvələrin regionda effektiv yerləşdirilməsi üçün zəruri olan logistik proseslərin sadələşdirilməsi və uyğunlaşdırılmasına təcili ehtiyac müəyyən edilib”, - hesabatda vurğulanır.
“İmzalanmış niyyət məktubu üç ölkə arasında qoşunların, texnikanın və hərbi materialların sürətli və etibarlı çatdırılmasını təmin edəcək əsas təchizat marşrutlarının əlaqələndirilmiş şəbəkəsinin yaradılmasını nəzərdə tutur”, - deyə hərbi idarədən bildirilib.
Rumıniya hərbi departamentinin rəhbəri deyib: “Hərbi mobillik NATO və Aİ arasında əməkdaşlığın flaqman layihəsi, eləcə də Qara dəniz regionunda etibarlı çəkindirmə və müdafiə mövqeyinin əsas elementidir”.