Rusiya Dəmir Yollarının rəhbəri İrəvanda Paşinyanla görüşüb
Ermənistan və Rusiya dəmir yolu ilə bağlı məsələləri həll etmək üçün işçi qrupu yaradacaq FOTO
Görüş haqda həm Ermənistan Baş nazirinin mətbuat xidməti, həm də Rusiya Dəmir Yolları məlumat yayıblar.

Rusiya Dəmir Yollarının bəyanatı:
Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Bildirilib ki, Rusiya Dəmir Yolları Ermənistan hökuməti ilə dialoqa və konsessiya müqaviləsinin effektivliyinin birgə qiymətləndirilməsinə açıqdır.

"Rusiya və Ermənistan Ermənistan dəmir yolu şəbəkəsindən istifadə etməklə tranzit kommunikasiyaların imkanlarını qiymətləndirmək üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər
Rusiya Dəmir Yolları Ermənistan dəmir yolu üçün konsessiya müqaviləsinin şərtlərinə qətiyyətlə riayət etmək niyyətindədir", - bəyanatda qeyd olunub.
Ermənistan Hökumətinin Mətbuat Xidməti:
"Baş nazir Nikol Paşinyan "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozerovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
Baş nazir Paşinyan regional nəqliyyat infrastrukturunun açılması potensialını nəzərə alaraq, Ermənistan Respublikası Hökumətinin məqsədinin Ermənistan dəmir yollarını rəqabətədavamlı etmək və onları qonşu ölkələrin dəmir yolu şəbəkələrinə və beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya etmək olduğunu vurğuladı.

Gümrü-Axurik-Türkiyə sərhədi və Yerasx-Naxçıvan dəmir yolu hissələrinin yenidənqurma layihələri, eləcə də onların həyata keçirilməsi ilə yaradılan imkanlar barədə fikir mübadiləsi aparıldı.
Tərəflər CQDY-in (Cənub Qafqaz Dəmir Yolu - ANS Press) konsessiya idarəetməsi çərçivəsində həyata keçirilən infrastrukturun inkişafı işlərini, idarəetmənin səmərəliliyini, mövcud problemləri və potensial həll yollarını müzakirə etdilər.
Qarşıya qoyulan vəzifələri qısa müddət ərzində müzakirə etmək, mümkün həll yollarını müəyyən etmək və növbəti addımları aydınlaşdırmaq üçün birgə işçi qrupunun yaradılması barədə razılığa gəlindi."
2 dəqiqə