Rusiya ilə sərhədlərdə “Sərhəd–Sipər” əməliyyatı yekunlaşdı
Belə kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi olaraq həyata keçirilir
Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarının ərazisində “Sərhəd – Sipər” şərti adı altında həyata keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər kompleksi başa çatdırılıb.
Hər iki ölkənin daxili işlər nazirlərinin qarşılıqlı razılaşması əsasında həyata keçirilən “Sərhəd-Sipər” əməliyyatı iyunun 19-dan iyunun 25-dək bir həftə davam edib.
Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində aparılan əməliyyat tədbirləri ilə əlaqədar müvafiq yerlərdə polis postları yaradılıb.
Əməliyyatların əsas məqsədi sərhəd əməkdaşlığı məsələləri üzrə qəbul edilmiş qərarların icrası, transmilli mütəşəkkil cinayətkar qrupların və terror təşkilatlarının üzvlərinin müəyyən edilərək zərərsizləşdirilməsi, silahların, partlayıcı maddələrin və cihazların, narkotik vasitələrin və s. zərərsizləşdirilməsidir.
Ölkəmizin milli maraqları, qanunçuluq prinsipləri nəzərə alınmaqla həyata keçirilən belə kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi olaraq həyata keçirilir.