Rusiya qəzaya uğrayan AZAL təyyarəsinə görə sığortanı ödəyib
Bu barədə "İnterfaks" xəbər yayıb FOTO / YENİLƏNİB

Rusiyanın "AlfaSığorta" şirkəti "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Embraer 190” markalı sərnişin təyyarəsinə görə tam sığorta ödənişini həyata keçirib.
Bu barədə "İnterfaks"a "AlfaSığorta"nın baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnik məlumat verib.
Rusiyanın "Alfa Sığorta" şirkəti AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində sərnişinlərlə bağlı hər nəfər üzrə 2 milyon rubl, yəni təqribən 38 min manat ödəniş edəcək.
Bu barədə şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik məlumat verib.
O bildirib ki, AZAL-ın Bakı-Qroznı reysi ilə bağlı sərnişindaşıma prosesi Azərbaycan və Rusiyanın iştirakçısı olduğu 1999-cu il Monreal Konvensiyası ilə tənzimlənir. "Alfa Sığorta" ilə AZAL arasında bağlanan müqavilə Rusiyaya həyata keçirilən reyslərdə riskləri əhatə etdiyi üçün, ödənişlər həm də Rusiyanın 67-FZ saylı məcburi daşıyıcı məsuliyyəti haqqında qanununa əsasən nəzərdə tutulur.
"Bu qanuna görə, həyat və sağlamlığa dəyən zərərə görə ödəniş məbləği 2 milyon rubl müəyyən edilib və lazımi sənədlər təqdim edildikdən sonra ödənişlər tez bir zamanda həyata keçirilə bilər" - İlya Kabaçnik əlavə edib.
Kabaçnik sığortaçının qəzanın rəsmi təhqiqatının başa çatmasını gözləməyə ehtiyac duymamasının səbəbini də açıqlayıb: “Bizim üçün sığortaçı olaraq, şübhə doğurmayan təyyarənin ölməsi faktının özü vacibdir. Müharibə və terror riskləri də sığortalandığı üçün aviaşirkət istənilən halda kompensasiya alır”.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL Hava Yollarına məxsus "Embraer" tipli təyyarə qəzaya uğrayıb. Qroznıda atəşə məruz qalandan sonra təyyarə Aktauya istiqamət alıb. O, Qazaxıstan hava limanına təxminən 5 km qalmış qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər (42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü Qırğızıstan vətəndaşı) olub, onlardan 38-i həlak olub.