XƏBƏRLƏR / Təyyarə qəzası

Təyyarə qəzası bağlı Dövlət Komissiyasının növbəti iclası

Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb FOTO

Təyyarə qəzası bağlı Dövlət Komissiyasının növbəti iclası
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, komissiyasının sədri Əli Əsədov bildirib ki, Komissiya qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı indiyədək görülmüş işləri və qarşıda duran vəzifələri nəzərdən keçirəcək.

    Qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardımın göstərilməsi ilə bağlı həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verilib.

    Komissiya üzvlərinin səlahiyyətləri üzrə məruzələri dinlənilib.

    Komissiya üzvləri yaralıların, həmçinin həlak olanların nəşlərinin Azərbaycana gətirilməsi, həlak olanların dəfni, hazırda vəziyyəti ağır olan vətəndaşların Aktauda davam edən müalicəsinin gedişi ilə bağlı məlumat veriblər.

    Qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından dördünün cəsədinin ölkəyə gətirilməsi və dəfn olunması ilə bağlı zəruri tədbirlərin görüldüyü bildirilib. Həlak olmuş digər 22 şəxsin cəsədlərinin məhkəmə-tibbi ekspertiza və digər zəruri tədbirlər bitdikdən sonra tezliklə ölkəmizə gətirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

    Komissiya üzvlərinə təyyarə qəzasında xəsarət alanlara və həlak olan şəxslərin ailələrinə zəruri maddi yardım, mənəvi-psixoloji dəstək göstərilməsi ilə bağlı məsələlərin qısa zamanda və çevik həll edilməsi tapşırılıb.

    Bildirilib ki, hadisənin başvermə səbəblərinin araşdırılması ilə bağlı Qazaxıstan tərəfindən yaradılmış xüsusi komissiya çərçivəsində istintaq tədbirləri davam edir. Diqqətə çatdırılıb ki, Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın başvermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, ictimaiyyət istintaqın nəticələri barədə məlumatlandırılmalıdır.

    Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

    Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

    Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

    Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

    Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

    Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.