Rusiya XİN Azərbaycana təşəkkür edib YENİLƏNİB
Bu gün səhərdən artıq bir qrup xarici vətəndaş Astara gömrük-buraxılış məntəqəsindən Azərbaycana keçməyə başlayıb

13:41
Rusiya Xarici İşlər Nazirliyi Rusiya Federasiyası vətəndaşlarının Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsində, mehmanxanada yerləşdirilməsində və Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycana təşəkkür edib.
Bu barədə Rusiya XİN-nin teleqram kanalında bildirilib.
Qeyd olunub ki, İsrailin İran İslam Respublikasına qarşı hərbi əməliyyatları nəticəsində vəziyyətin gərginləşməsi, regionun əksər ölkələrində hava məkanının bağlanması və uçuşların ləğvi fonunda oradakı Rusiya vətəndaşlarının xilas edilməsi məsələsi aktuallaşıb.
Söhbət dünya şöhrətli rusiyalı rejissor Fyodor Bondarçukun çəkiliş qrupundan gedir. Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsində, qrupun mehmanxanada yerləşdirilməsində və vətəndaşlarımızın Vətənə qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk", deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.
Eyni zamanda Rusiya XİN-nin teleqram kanalında rusiyalı qrupun sərhəddən Azərbaycan avtobusu ilə Bakı istiqamətində daşınmasının videosu paylaşılıb.
***
13:25
Rusiyanın Azərbaycandakı səfirliyi Rusiya vətəndaşlarının İrandan quru yolu ilə təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.
Rusiyanın xalq artisti, rejissor Fyodor Bondarçuk və onun çəkiliş artıq İran-Azərbaycan sərhədini keçib.
“Rusiya vətəndaşlarının təxliyəsi üçün nəqliyyat ayırdığına, daha sonra onların hotellərdə yerləşdirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edirik”, - deyə səfirlikdən deyilib.
Qeyd edək ki, İsrailin İrana hava hücumları ilə əlaqədar bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyə olunaraq, Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.
Bu gün səhərdən artıq bir qrup xarici vətəndaş Astara gömrük-buraxılış məntəqəsindən Azərbaycana keçməyə başlayıb.