
17:39
Ukrayna Prezidenti Volodimir Zelenski daha bir qrup ukraynalı hərbçinin vətənə qayıtdığını bildirib. Prezidentin sözlərinə görə, onların əksəriyyəti 2022-ci ildən bəri əsirlikdə idi.
Bu barədə Ukraynanın dövlət başçısı "Telegram" hesabında məlumat verib.
“Vətəndaşlarımız Rusiya əsirliyindən evə qayıdır. Onlar Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin hərbçiləridir. Əksəriyyəti 2022-ci ildən bəri əsirlikdə idi. Onlar Donetsk, Luqansk, Xarkov, Sumı, Çerniqov, Kiyev vilayətləri və Zaporojyedə vuruşan Ukrayna müdafiəçiləridir. Vətəndaşlarımızın geri qaytarılması üzərində işləyirik. Bu mübadilələrin mümkün olması üçün çalışan hər kəsə təşəkkür edirəm. Məqsədimiz hər bir vətəndaşımızı azad etməkdir”, – deyə Zelenski bildirib.
***
15:59
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb.
Bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, Kiyev bir qrup rusiyalı hərbi əsiri geri qaytarıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, mübadilə müqabilində Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbi əsiri təhvil verilib.