XƏBƏRLƏR / Məhkəmə

Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi

Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib

Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi
Arxiv
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin məhkəməsi başlayıb.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

    Təqsirləndirilən Anton Draçev vəsatət verərək yaşayış yerinin məlum olduğunu deyib və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.

    Təqsirləndirilən İlya Bezuqliyin vəkili Fəxrəddin Mehdiyev cinayət işinə xitam verilməsi, bu olmadığı halda təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Onun müdafiə etdiyi şəxs əlavə edib ki, kəskin aritmiya xəstəsidir, bu, ölümlə nəticələnə bilər.

    Digər vəkillər də cinayət işinə xitam verilməsi, bu olmadığı halda müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılmasını xahiş ediblər.

    Təqsirləndirilən Sergey Sofranov ölkəyə turist kimi gəldiyini və cinayət işi ilə əlaqəsi olmadığını bildirərək işə xitam verilməsini xahiş edib.

    Məhkəmə müşavirədən sonra qərar elan edib.

    Qərara əsasən, vəsatətlər təmin edilməyib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası aprelin 10-na təyin edilib.

    Qeyd edək ki, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliy, Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yekun ittiham irəli sürülüb.