Rusiya XİN Azərbaycanın mövqeyini qınadı
Rəsmi Bakının Ukraynanın ərazilərində keçirilən son "seçkilər"i qanunsuz sayması Moskvanın xoşuna gəlməyib
Moskva Bakıya diplomatik demarş etdi
“...Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın yeni regionlarında seçkilərin keçirilməsi ilə bağlı bəyanatına görə”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova əlavə edib ki, Azərbaycanın “Rusiya Federasiyasının yeni ərazilərində” seçkilərlə bağlı bəyanatları qəbuledilməzdir və müttəfiqlik xarakterinə uyğun gəlmir.
Azərbaycan XİN-in bəyanatını xatırladırıq:
Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair bəyanat
Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir.
Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır.
Bu meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur.