BLOQ

Rusiya XİN sığorta ödənişlərini kompensasiya ilə səhv salır

Rusiya XİN AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişləri barədə məlumat yayıb

Rusiya XİN sığorta ödənişlərini kompensasiya ilə səhv salır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta vəsaiti ödənilib.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

    O da vurğulanıb ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri - 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib:

    "15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib".

    Qeyd edək ki, Rusiyanın "AlfaSığorta" şirkətinin ödədiyi məbləğlərin baş vermiş cinayətə heç bir dəxli yoxdur. AZAL-ın Bakı-Qroznı reysi ilə bağlı sərnişindaşıma prosesi Azərbaycan və Rusiyanın iştirakçısı olduğu 1999-cu il Monreal Konvensiyası ilə tənzimlənir. "Alfa Sığorta" ilə AZAL arasında bağlanan müqavilə Rusiyaya həyata keçirilən reyslərdə riskləri əhatə etdiyi üçün ödənişlər həm də Rusiyanın 67-FZ saylı məcburi daşıyıcı məsuliyyəti haqqında qanununa əsasən nəzərdə tutulur.

    Adı çəkilən "kompensasiya" adi sığorta prosedurudur və təyyarə texniki nasazlıqdan və ya başqa AZAL-la bağlı problemdən Rusiya səmasında qəzaya uğrasaydı bu sığorta ödənilməli idi. Bu hadisədə isə Rusiya silahlı qüvvələrinin təyyarəyə atəş açması nəticəsində cinayət tərkibi var. Və bu halda günahkarların cəzalanmasına və mülki sığorta ödənişlərinə heç bir dəxli yoxdur. Rusiya XİN həmişə olduğu kimi məsələləri bilərəkdən qarışdırır.

    Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.