XƏBƏRLƏR / Diaspora

Rusiyada daha bir azərbaycanlının obyektini sökürlər

Voronejdə Azərbaycan əsilli iş adamı Yusif Xəlilova məxsus restoranının sökülməsi ilə bağlı məhkəmə qərarı qüvvəyə minib

Rusiyada daha bir azərbaycanlının obyektini sökürlər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Kommersant" xəbər verir ki, Voronejdə Azərbaycan əsilli iş adamı Yusif Xəlilova məxsus "Yardı Superbar" restoranının sökülməsi ilə bağlı məhkəmə qərarı qüvvəyə minib.

    19-cu Apelyasiya Arbitraj Məhkəməsi Voronej Vilayət Arbitraj Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Məhkəmə meriyanın iddiasını təmin edib və binanı "icazəsiz tikinti" elan edib. İş adamından binanı öz hesabına sökmək və təxminən 125.000 rubl məbləğində məhkəmə xərclərini ödəmək tələb olunur.

    Restoran kompleksi Yeniseyevskaya küçəsi boyunca yerləşən torpaq sahəsində yerləşir və ümumi sahəsi təxminən 1700 kvadratmetr olan bir neçə ikimərtəbəli binanı əhatə edir. İş materiallarına görə, torpaq sahələri arxeoloji irs yeri statusuna malik Voronejin "mədəni təbəqəsinin sərhədləri daxilində" yerləşir.

    Məhkəmə həmçinin qeyd edib ki, iş adamı tikintinin qanuniliyinə dair sübut təqdim etməyib və iddiaçının sözlərinə görə, obyektin bir hissəsi ayrılmış torpaq sahələrinin xaricində tikilib və şəhər kanalizasiya sisteminə razılıq olmadan qoşulub.

    Məhkəmə Yusif Xəlilovun obyektin mülkiyyət hüququnun tanınması ilə bağlı qarşı iddiasını rədd etdi. Qərardan bir ay ərzində apelyasiya şikayəti verilə bilər.

    Daha əvvəl, 1 iyul 2025-ci ildə xüsusi təyinatlılar Yusif Xəlilovun evində axtarış aparıblar və sonra o, azadlığa buraxılıb. Həmin ilin 16 avqustunda iş adamı yenidən rüşvət şübhəsi ilə həbs edilib, lakin sonradan azadlığa buraxılıb. Yusif Xəlilov həmçinin Voronejin ən böyük pərakəndə satış məntəqələrindən biri olan Alekseevski bazarının həmtəsisçisidir.