Rusiyada Şahin Şıxlinskiyə 23 il həbs cəzası istənilib
Maraqlıdır ki, Ekaterinburqda prokurorun çıxışı Azərbaycanda hərbi cani Vardanyana hökm oxunması ilə eyni vaxtda baş verib
Rusiya mediasında yayılan məlumatlara görə, prokuror Şahin Şıxlinskiyə 23 il həbs cəzası istəyib.
Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri münsiflər heyəti tərəfindən iş adamlarını qətl etməkdə və öldürməyə cəhd etməkdə günahkar bilinib.
İttiham tərəfi digər təqsirləndirilən şəxslər üçün aşağıdakı cəzaların verilməsini istəyib:
Akif Səfərov – 23 il,
Ayaz Səfərov – 22 il,
Kamal Səfərov – 18 il,
Məzahir Səfərov – 13 il,
Bəkir Səfərov – 13 il,
Şücayəddin Rəcəbov – əvvəlki cəza nəzərə alınmaqla 15 il.
Münsiflər heyəti əvvəllər Şıxlinski və Səfərov qardaşlarını sifarişli qətllərdə günahkar bilib.
Yeddi nəfər mühakimə olunur: Şücayəddin Rəcəbov, Şahin Şıxlinski və Səfərov qardaşları (Akif, Ayaz, Bəkir, Kamal və Məzahir).
Təqsirləndirilən şəxslərin xahişi ilə seçilmiş altı münsifdən ibarət heyət onların günahkarlığını sübuta yetirib. Münsiflər heyəti yalnız Bəkir Səfərovun əfv olunmağa layiq olduğunu düşünür.
Məhkəmə prosesi hələ başa çatmayıb.
Xatırladaq ki, Şahin Şıxlınski barəsində Rusiya Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə), həmçinin sifarişli qətlə cəhd maddələri ilə cinayət işi açılıb.
Ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatlarını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Eyni zamanda, Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski iyulun 2-də saxlanılıb. Hərbi geyimdə maskada və üzərində tanınma nişanı olmayan hüquq-mühafizə orqanlarının əməkdaşları Şıxlinskinin içərisində olduğu avtomobilin qarşısını küçənin ortasında kəsiblər və zor tətbiq edərək Şahin Şıxlinski və oğlu Mutvalını avtomobildən endirərək yerə yıxıb qandallayıblar. Mutvalı Şıxlinski saxlanılandan 15 dəqiqə sonra sərbəst buraxılıb. Şahin Şıxlinski isə İstintaq İdarəsində bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.
Daha sonra hüquq-mühafizə orqanları Şıxlinskilərə saxlanıldıqları zamanı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açıb. Məlum cinayət işi üzrə iyulun 16-da Mutvalı Şıxlinski saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Şahin Şıxlinski isə axtarışa verilib. Avqustun 2-də isə Şahin Şıxlinski də Moskvada saxlanılaraq Yekaterinburqa etap olunub.
3 dəqiqə