Rusiyanın Cənubi Qafqazda saxta məlumatlar yayan hesabları
"Meta" Azərbaycan, Gürcüstan və Ermənistanda hadisələri təhrif edən yüzdən çox saxta hesabı silib
"Meta" şirkəti ("Facebook", "Instagram" və "WhatsAp"ın sahibi) saxta məlumatların dərc edilməsi ilə əlaqədar Facebook-da Rusiya mənşəli 76 saxta hesabı və 30 səhifəni, həmçinin Instagramda 11 hesabı silib. Bu barədə şirkətin hesabatında deyilir. Bu saxta hesabların hədəfləri Gürcüstan, Ermənistan və Azərbaycan idi.
Həmin hesablardan Rusiyaya dəstək postları və Qərbin ünvanına tənqid dərc olunurdu. Gürcüstanda xarici agentlər haqqında qanuna dəstək verilir, Azərbaycanda bu hesablardan Qərb tənqid olunur, Ermənistanda isə Rusiyapərəst fikirlər və Paşinyanın ünvanına tənqid dərc olunurdu.
Hesabata əsasən, söhbət Gürcüstanda "Georgia Today" (sakartvelo-today.org), Azərbaycanda "Yerli.Media" (yerlimedia.org) və Ermənistanda "Lurer Media" (lurermedia.org) kimi "saxta" saytların daxil olduğu informasiya şəbəkəsindən gedir. Bütün bu saytlar Moskvada qeydiyyatdan keçmiş "IMA Digital" marketinq şirkəti ilə əlaqəlidir.
"Meta"nın məlumatına görə, bu xəbər saytları "YouTube", "Telegram" və "TikTok" da daxil olmaqla, müxtəlif platformalarda təqdim olunur. "Facebook" və "Instagram" hesablarının bağlanmasına baxmayaraq, bu saytlar işləməyə və gürcü, erməni, Azərbaycan və rus dillərində "isti xəbərlər" dərc etməyə davam edir.
Saxta hesablar haqqında məlumatı Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti (ISFED) verib, bundan sonra həmin hesablar "Meta"nın avtomatlaşdırılmış sistemləri tərəfindən aşkar edilib və araşdırma başa çatana qədər bloklanıb.