Volqoqraddakı koloniyaya hücum başlayıb
Qiyamçı məhbuslar özlərini İŞİD üzvləri kimi təqdim edirlər FOTO/VIDEO YENİLƏNİB
16:38
Volqoqraddakı koloniyaya hücum başlayıb. Hadisə yerinə təcili yardım briqadası gəlib.
Bundan əvvəl hüquq-mühafizə orqanları Orconikidze küçəsində yolu bağlayıb və girovların azad edilməsi üçün hazırlaşmağa başlayıblar.
***
16:15
Hadisə ilə bağlı Prezident Putin Təhlükəsizlik Şurasının onlayn iclasını çağırıb.
***
15:23
Rusiyanın Volqoqrad vilayətində radikal islamçılar tərəfindən cəzaçəkmə müəssisəsində törədilən insidentin təfərrüatları məlum olub.
Müəssisədə özlərini İŞİD üzvü kimi təqdim edən bir neçə məhbus penitensiar xidmətin üç əməkdaşını öldürüb, bir neçəsini isə giröv götürüb.
VİDEO XƏBƏRDARLIQ!!!ƏSƏBLƏRİ ZƏİF OLANLAR BAXMASIN
“Mash” teleqram kanalı üç nəfərin öldüyü görüntülənən video yayıb.
Bildirilib ki, müəssisə əməkdaşlarını öldürən radikallar 2 milyon dollar və helikopter tələb edirlər.
Cəzaçəkmə Müəssisəsinin rəisi Andrey Devyatov da girov götürülənlər arasında olub, lakin qaça bilib. Devyatovun hazırda reanimasiyada olduğu açıqlanıb.
Məlum olub ki, koloniyada insident intizam komissiyasının iclası keçirilən zaman baş verib. Bu barədə Federal Penitensiar Xidmət məlumat yayıb.
Hazırda girovların azad edilməsi istiqamətində işlər aparılır, hadisə yerinə xüsusi təyinatlılar gəlib.
Ümumilikdə, koloniyada 1230 məhbusun cəza çəkdiyi bildirilir.
***
15:10
Volqoqrad vilayətindəki 19 nömrəli koloniyanın intizam komissiyasının iclasında bir neçə məhbus FSIN (Cəza İcrası Federal xidməti) əməkdaşlarını ələ keçirib.
Hal-hazırda məhbuslar koloniyaya nəzarət edirlər.
Koloniyanı ələ keçirən məhbuslar iki milyon dollar və helikopter tələb ediblər.
Qiyam zamanı üç nəfər ölüb, azı iki nəfər qaça bilib və xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Rusiyanın Federal Penitensiar Xidmət bildirir ki, girovların azad edilməsi üçün tədbirlər görülür. Bəzi mənbələr qiyamın islamçılar tərəfindən qaldırıldığını bildirirlər. Məhbuslarla danışıqlar aparmaq üçün Volqoqrad məscidindən koloniyaya molla gətiriləcək.
Ümumilikdə, koloniyada 1230 məhbusun cəza çəkdiyi bildirilir.