BLOQ

Rəşt-Astara dəmir yolu Azərbaycanın imkanlarını artıracaq

İran və Rusiya tərəfi bu dəmir yolunun tikintisinə dair saziş imzalayıb

Rəşt-Astara dəmir yolu Azərbaycanın imkanlarını artıracaq
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Şimal-Cənub Nəqliyyat Dəhlizi ideyası 2000-ci ildən səsləndirilir. Hindistan-İran-Rusiya arasında nəqliyyat dəhlizi, hansı ki, Süveyş kanalına alternativ olmalıdır, məsafənin 16 000 km-dən 7200 km-ə qədər azaldılması nəzərdə tutulub. 2005-ci ildən Azərbaycan da bu layihəyə qoşulub. 

    Bu dəhlizin üç marşrutu var – biri Xəzər üzərindəndir, biri Şərq marşrutudur, Rusiya –Qazaxıstan-Türkmənistan-İran, və Qərb marşrutu – Rusiya-Azərbaycan-İran. Həmçinin İran ərazisində Fars körfəzinin limanlarına - Bəndərabbas,  Bəndər İmam Xomeyni və Hind okeanına çıxan Çabahar. Bu layihə işə düşməzdən əvvəl də 1996-cı ildə Türkmənistanın  Seraxs rayonunda artıq Türkmənistan-İran dəmir yolu fəliyyətə başlayıb. 2014-cü ildə Qazaxıstan-Türkmənistan-İran dəmir yolu işə düşüb. Yəni Şərq marşrutu üzrə artıq Mərkəzi Asiyadan iki çıxış mövcuddur.

    Qərb marşrutu üzrə Culfadan əlaqəmiz var. Amma hələ Zəngəzur dəhlizi işə düşmədiyindən Culfadan üzü Azərbaycana tərəf əlaqə hələ tam deyil. Astara üzərindən olan marşrut 2017-ci ildə aktiv işlər görməyə başladı. Yəni Astara şəhərinə girmədən 8,3 km-lik dəmir yol xətti, Astaraçay üzərində dəmir yol körpüsü və İran Astarasına keçməklə Azərbaycan tərəfi Astara terminalını 25 illiyə icarəyə götürüb. 35 hektarlıq ərazidə tikinti-quraşdırma işləri davam edir. Astara terminalı, İranın Astara şəhərində 35 hektar ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir.

    Astara terminalına gedən Astaraçay üzərində dəmiryol körpüsü

    İranla Rusiyanın razılığa gəldikləri ərazi İran Astarası ilə İranın Rəşt şəhəri arasındakı məsafəni nəzərdə tutur, 162 kilometr. Bunu da çox güman ki, Rusiyanın dəmir yolu tikəcək. İran sanksiya altında olduğu üçün Rusiya tərəfi vəsaiti öz podratçısına verəcək.

    Sanksiya altında olan dövlət üçün hər hansı işi görmək çox çətindir. İndi ona görə aktuallaşıb ki, şimal qonşumuz da sanksiya altındadır. İndi Rusiyadan ötrü strateji vacibdir ki, öz ənənəvi yolu dəyişsin. Ənənəvi yolu Qara dənizə çıxırdı, indi isə bu yol cənuba yönəlib. Bu, uzun vədəli və çox xərc tələb edən layihədir. Yeni stansiyalar tikilməlidir, mövcud stansiyalar genişlənməlidir, yəni bütün infrastruktur bu axına hazır olmalıdır. Həmçinin Rusiya tərəfi elan edib ki, 2025-ci ilə kimi Azərbaycan-Rusiya sərhədində mövcud  Yalama xəttinə paralel olaraq,  əlavə “Samur-2” dəmir yolu keçidi nəzərdə tutulub. Bu xətt ilə yaxın 10 il ərzində 30 milyon tona yaxın yük daşınması hədəflənir.

    Zəngəzur dəhlizində Azərbaycan tərəfinin işlərin aparılmasına dair İranın təzyiqlərinə gəlincə, İranın hər hansı qüvvələri nəyə isə etiraz edə bilər. Amma Azərbaycanla İran arasında 2022-ci il martında razılaşma memorandumu var və 2022-ci ili sentyabrında Zəngəzur dəhlizində İran trəfindən dublyor dəmir yolun çəkilməsinə dair Ağbənddə təməlqoyma oldu. İran tərəfi həm imza atdı, həm də təməlatmada iştirak etdi.

    Düzdür, İran istəyirdi ki, Azərbaycana təzyiq göstərsin. Lakin mövcud vəziyyət onu göstərir ki, Azərbaycan tərəfi normal şəkildə öz mövqeyini ortaya qoyub. Bizim heç kimlə ədavətimiz yoxdur. Bizə yol lazımdır.  Azərbaycan qonşularla sülh və dostluq şəraitində yaşamağa üstünlük verir. Azərbaycan bir yoldan asılı qalmaq istəmir: tək Culfadan, ya Astaradan asılı qalmaq istəmir.  Yaxud Gürcüstan tərəfindən yalnız Böyük Kəsikdən asılı qalmaq istəmir, güman ki, Balakən istiqamətindən də yol olacaq. O tərəfdə də yol var, Balakəndə də. İndi Araz çayı boyunca 110 km-lik Horadiz-Ağbənd dəmir yolu da, avtomobil yolu da tikilir. İşğal dövründə Xudafərin su anbarı tikildiyindən köhnə Sovet dəmir yolunun o hissəsi su altında qalıb. Ona görə yeni marşrutla tikilir.

    Onu da qeyd edirəm ki, Şimal-Cənub nəqliyyat dəhlizində Azərbaycanın payına Astaradan Yalamaya qədər – 500 km-lik dəmir yolu düşür.