Cənubi Qafqazda kimin Rusiya ilə ticarəti daha çox artıb?
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin şərhi
Cənubi Qafqazda gedən geo-siyasi proseslərin fonunda yaranan əsas suallardan biri bu regionun Rusiya ilə iqtisadi əlaqələrinin nəcə dəyişməsidir. Ermənistan və Gürcüstanda Qərbə inteqrasiyası ilə bağlı fikilər səsləndirilsə də iqtisadi göstəricilər bunun əksini göstərir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra onların Rusiyadan iqtisadi asılılığı daha da artmışdır. Azərbaycan-Rusiya iqtisadi əlaqələrində isə kəskin dəyişiklik baş verməmişdir.
Azərbaycan-Rusiya ticarət əlaqələri
Azərbaycanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2021-ci ildə 12% artaraq $2.99 milyarda, 2022-ci ildə 23.8% artaraq $3.7 milyarda, 2023-cü ilin ilk on ayında isə 20% artaraq $3.44 milyarda çatmışdır. Rusiyanın ixracda payı 2021 və 2022-ci illərdə müvafiq olaraq 4.15% və 2.56%, 2023-cü ilin ilk on ayında isə 3.27% təşkil etmişdir.
Rusiyanın Azərbaycanın idxalında payı isə 2021, 2022 və 2023-cü ilin ilk on ayında müvafiq olaraq 17.72%, 18.81% və 17.51% olmuşdur. Göründüyü kimi Azərbaycanın Rusiya ilə ticarət əlaqələri son iki ildə əvvəlki illərdə olduğu kimi tədriclə artmışdır. Rusiyanın Azərbaycanın ticarətində payı da ciddi şəkildə dəyişməmişdir.
Gürcüstan-Rusiya ticarət əlaqələri
Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsi 2021-ci ildə 21% artaraq $1.6 milyarda, 2022-ci ildə 54.1% artaraq $2.48 milyarda, 2023-cü ilin ilk on ayında isə 1.2% artaraq $1.96 milyarda çatmışdır. Rusiyanın ixracda payı 2021 və 2022-ci illərdə müvafiq olaraq 14.4% və 11.7%, 2023-cü ilin ilk on ayında isə 11% təşkil etmişdir.
Rusiyanın Gürcüstanın idxalında payı 2021, 2022 və 2023-cü ilin ilk on ayında müvafiq olaraq 10%, 13.6% və 11% təşkil etmişdir. Göründyü kimi Gürcüstanın Rusiya ilə ticarət əlaqələri son iki ildə artıma meylli olsa da kəskin artım müşahidə edilməmişdir. Təkcə 2022-ci ildə Rusiyadan Gürcüstana idxal kəskin şəkildə (79.4%) artmışdır. Rusiyanın idxalda payı isə 3.6% artmışdır.
Ermənistan-Rusiya ticarət əlaqələri
Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2021-ci ildə 32% artaraq $2.85 milyarda, 2022-ci ildə 86% artaraq $5.3 milyarda, 2023-cü ilin ilk on ayında isə $5.6 milyarda çatmışdır. Ermənistandan Rusiyaya ixrac 2022-ci ildə 2.4 dəfə artaraq $2.4 milyarda çatmışdır. Rusiyanın Ermənistanın ixracında payı 2021 və 2022-ci illərdə müvafiq olaraq 28% və 45%, 2023-cü ilin ilk on ayında isə 50% təşkil etmişdir. Rusiyanın Ermənistanın idxalında payı 2021, 2022 və 2023-cü ilin ilk on ayında müvafiq olaraq 37.3%, 33% və 27.8% təşkil etmişdir. Göründüyü kimi son iki ildə Ermənistanla Rusiya arasında ticarət əlaqələrində, xüsusilə də ixracda kəksin dəyişikliklər baş vermiş və Rusiyanın xarici ticarət əlaqələrində mövqeyi daha da möhkəmlənmişdir.
Müqayisəli təhlili
Cənubi Qafqaz ölkələrindən son iki ildə Ermənistanın Rusiyaya ixracı kəskin şəkildə artdığı halda Azərbaycan və Gürcüstandan Rusiyaya ixracı sabit qalmışdır. Hər üç ölkənin Rusiyadan idxalı isə 2022-ci ildə artmış və bu trend 2023-cü ildə də davam etməkdədir. Son iki ildə Rusiyanın Ermənistanın ixracında payı əsaslı şəkildə artdığı halda, Azərbaycan və Gürcüstanın ixracında payı azalmağa meylli olmuşdur. Azərbaycan ixracda Rusiyanın payı ən az olan ölkə olmuşdur. Rusiyanın Ermənistan idxalında payı isə son iki ildə 10% azalmışdır. Azərbaycan və Gürcüstanın idxalında isə Rusiyanın payı 2022-ci ildə biraz artsa da 2023-cü ildə azalmışdır.
Cənubi Qafqaz ölkələrinin Rusiya ilə ticarət əlaqələrində artım dinamikası göstərir ki, 2022-ci ildə Ermənistanın Rusiyaya ixrac, Gürcüstanın isə Rusiyadan idxal tempi əsaslı şəkildə artıb. 2022-2023-cü illərdə istər ixrac, istərsə də idxal üzrə Azərbaycanın Rusiya ilə ticarət əlaqələri kəskin dəyişməyib.
Ümumilikdə, görünən mənzərə odur ki, Cənubi Qafqaz ölkələri arasında ticarət əlaqələrində Rusiyaya ən çox yaxınlaşan ölkə Ermənistan, daha sonra Gürcüstan olmuşdur. Azərbaycanın Rusiya ilə ticarətində isə sabit artım tempi müşahidə edilmişdir.