XƏBƏRLƏR / Din

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsi məlumat yayıb

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

    Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu il Həcc ziyarətinə sənədlərinin qəbulu keçən ildən daha erkən başlayacaq.

    İlkin olaraq QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib.

    "Qiymətin az miqdarda artma ehtimalı da istisna deyil. Dünyada baş verən məlum hadisələr fonunda, habelə Krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin 4-dən 3-ə endirilməsi, yeni xidmətlərin artırılması səbəbi ilə müəyyən qiymət artımlarının olması qaçılmazdır. Ziyarət həmişə olduğu kimi vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək", - Vüsal Cahangiri qeyd edib.

    Həcc ziyarəti üçün tələb olunan sənədlər aşağıdakılardır:

    1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
    2) Şəxsiyyət vəsiqəsinin surəti;
    3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
    4) Sağlamlıq haqqında arayış.

    Sənədlərin qəbulu 24 sentyabr 2026-cı il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

    Həcc və Ümrə nazirliyinin tələblərinə görə, sənədlərin qeydiyyatı və vizaların alınması prosesi ötən ilkindən daha tez həyata keçirilməlidir.