Sabiha Gökçən aeroportunda yeni eniş-qalxış zolağı tikilib
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib
İstanbulun Sabiha Gökçən hava limanında inşa edilən yeni eniş-qalxış zolağı həm təyyarə sıxlığının, həm də vaxt itkisinin qarşısını alacaq.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu mediaya açıqlamasında deyib.
Nazir bildirib ki, son zamanlar Sabiha Gökçən hava limanında təyyarələrin gözləmə vaxtı 40 dəqiqəyədək yüksəlib. Yeni zolaq enerji və vaxt itkisinin, karbon emissiyasının qarşısını almaqla yanaşı, aeroportun 750 təyyarəlik tutumunu ilkin mərhələdə 1400, sonra isə 1900-dək yüksəldəcək. Yeni zolağın ərazisində, həmçinin 62 sərnişin, 40 karqo təyyarəsi üçün park bölməsi inşa edilib.
Aeroportda inşa edilən 91 metr hündürlüyə malik hava hərəkətinə nəzarət qülləsinin tamamlanaraq artıq qismən istifadəyə verildiyini də bildirən nazir qeyd edib ki, İstanbul və Antalya aeroportlarından sonra Türkiyənin üçüncü ən işlək hava limanı olan Sabiha Gökçəndən istifadə edən sərnişin sayı bu ilin sonuna qədər 37 milyona çatacaq. Bu səbəbdən aeroportun yeni terminalının tikintisinə dair layihə artıq tamamlanıb. Yeni terminal binası ilkin mərhələdə 70, sonralar isə 80-90 milyon insana xidmət edəcək.
Xatırladaq ki, son 21 ildə Türkiyənin hava limanlarının sayı iki dəfədən çox artaraq 26-dan 59-a yüksəldilib. Bu aeroportların 37-sindən beynəlxalq uçuşlar həyata keçirilir.