Sabir Rüstəmxanlı ailəsinin də VİP salonda getməsini istəyir
Bu fikri millət vəkili Milli Məclisin bu gün keçirilən iclasında səsləndirib
"Əvvəllər deputatlar, diplomatlar xarici ölkələrə gedəndə ailə üzvlərini yanlarında apara bilirdilər. Sonra onların özləri olmadan da övladı və həyat yoldaşı VİP salondan istifadə edə bilirdi. Bu qanun hər yerdə belədir. Hətta əvvəl deputat olub, sonra olmayanlar da VİP salondan istifadə edə bilirdi. İndi qayda belədir ki, özün gedirsənsə, istifadə edə bilərsən, amma özün getmirsənsə, sənin ailə üzvlərin orda gedə bilməz".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib.
“Bu məsələdə deputata fərqli münasibət var: Biznes salonlara ticarət adamları, vəzifəli şəxslərin qohumları rahat gəlib-gedirlər. Amma millət vəkilləri bundan istifadə edə bilmir. Niyə belə ögey münasibət olmalıdır? Mən istəyirəm, bu məsələ bizim aidiyyati orqanların qarşısında qaldırılsın. Bundan başqa, məsələn, mən təxminən otuz ildir ki, bizim pansionatda qalıram. İki otaqlı mənzilim var. Mənim bütün yazı-pozu işlərim ora ilə bağlıdır. Sakit bir yerdir. Amma orda biznesmen kimi qalıram. Başa düşmürəm, mən biznesmenəm? Hətta hökumət işçiləri orada güzəştli şəkildə qalır, amma onlardan aşağı maaş alan millət vəkili, yəni mən belə qala bilmirəm. Mən məcburam orda qalam. Başqa imkan yoxdur. Amma mən orada biznesmen kimi qalıram. Məndən biznes uçotu ilə, biznes müqavilələri ilə illik pul alırlar. Bu, harda görülüb? Niyə görə belə olmalıdır? Nazirlər Kabinetinin işçiləri, başqa strukturların işçiləri normal qiymətlə qalırlar, bizdən isə iki-üç dəfə artıq pul tələb edirlər. Mən buna millət vəkilinin statusunun aşağı salınması kimi baxıram”.