10:42
DİN-in Baş Dövlət yol Polisi İdarəsi dünən Salyanda 4 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.
İdarədən verilən xəbərə görə, iyulun 20-si saat 18:00 radələrində Salyan rayonunun Şorsulu kəndinin ərazisində həmin kəndin sakini Nazim Qasımovun idarə etdiyi “VAZ” markalı avtomobillə, əks istiqamətdə hərəkətdə olan Alçalı kənd sakini Razi Dadaşovun idarə etdiyi “Toyota” markalı avtomobil toqquşub.
Qəza nəticəsində Nazim Qasımov və sərnişinləri – İlkin Qasımov və Elnur Əsədov hadisə yerində, Vüqar Əsədov isə xəstəxanada həyatlarını itiriblər. Sərnişinlərdən Əlifağa Hümmətov, eləcə də Razi Dadaşovun azyaşlı oğlu da xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
"Baş Dövlət yol Polisi İdarəsi yüksək sürət və manevretmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları yayımlanan faciəli faktlara biganə qalmamağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır", məlumatda deyilir.
***
20 iyul 2026-cı il
23:35
Salyanda yol qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.
Hadisə zamanı xəsarət alan, rayonun Şorsulu kənd sakini, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
20:29
Salyan rayonunda baş verən yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.
Xəstəxanaya yerləşdirilən yaralılardan biri həkimlərin səyinə baxmayaraq həyatını itirib.
Ölənlər rayonun Şorsulu kənd sakinləri Əhmədov Elnur Faiq oğlu, Qasımov İlkin Qismət oğlu və Qasımov Nizami Həsənağa oğludur. Yaralılar isə Hümbətov Əlifağa Elsevər oğlu, Məmmədova Rəhmiyyə Rəhman qızı və Əsədov Vüqar Tahir oğludur.
***
19:30
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu gün saat 18 radələrində "Toyota" və "VAZ" markalı avtomobillər toqquşub.
Qəza zamanı 2 nəfər ölüb, 4-ü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
2 dəqiqə