XƏBƏRLƏR / Siyasət

Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi görüşü gedir

Azərbaycan və Belarus prezidentləri ikitərəfli görüş keçirdiklərinə görə tədbirə sonra qatılacaqlar

Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi görüşü gedir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:35

    Dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub.

    Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı bir daha məmnunluqla qeyd edilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib. Yüksək səviyyəli görüşlərin və təmasların əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

    Dövlət başçıları əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək gələcək təmaslar və əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

    ***

    Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin tərəfindən ənənəvi olaraq Yeni il qabağı çağırılan MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb. Bu barədə TASS məlumat yayıb.

    Sammitin ev sahibi - Rusiya Prezidenti Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarlarını danışıqlar masası arxasında deyil, Sankt-Peterburqun saray və park komplekslərini gəzərkən ünsiyyətə başlamağa dəvət edib. 

    Çərşənbə axşamı günortadan sonra Birlik ölkələrinin liderləri Pavlovsk Muzey-Qoruğuna gəliblər, daha sonra onları Tsarskoe Selo və Peterhofda gözləyirlər.

    Pavlovskda bütün qonaqlar - həmin vaxt ikitərəfli görüş keçirən Azərbaycan və Belarus prezidentləri istisna olmaqla - Milad mahnıları ilə xor tərəfindən qarşılanıb.