Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb.
Nazirlikdən verilən məlumata görə, hadisə zamanı ondördmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ikiotaqlı mənzildə yanğına səbəb olan partlayış dalğasının təsirindən mənzilin pəncərə çərçivələri yerindən çıxaraq binanın həyətində park edilmiş “Hyundai” markalı avtomobilə ziyan vurub, mənzilin giriş qapısının yerindən çıxması nəticəsində binanın sərnişin və yük liftlərinin qapıları deformasiyaya uğrayıb.
Yanğın nəticəsində mənzilin bir otağı 20 kv.m sahədə yanıb, yanğınsöndürənlər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış ev sahibi, 2000-ci il təvəllüdlü F.Həsənzadə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, 25 nəfər bina sakini təxliyə edilib.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.