Saturnun halqalarının yarandığı dövr müəyyən edilib
Bu barədə Kolorado Universitetinin Mətbuat xidməti məlumat yayıb
Avropalı və amerikalı planetoloqlar “Kassini” zondunun topladığı elmi məlumatlara əsaslanaraq Saturn planetinin halqalarının 400 milyon il əvvəl yarandığına dair ilk sübutlar tapıblar.
Bu barədə Kolorado Universitetinin Mətbuat xidməti məlumat yayıb.
Bu məlumat Saturnun halqalarının içərisindəki buz hissəciklərinin qeyri-adi dərəcədə ağ olmasını izah edir.
“Tədqiqatçılar bu qaz nəhənginin halqalarının yaşını hesablamaq üçün “Kassini” zondunun Saturnun orbitində 13 il fəaliyyət göstərdiyi müddətdə CDA aləti tərəfindən toplanan toz hissəciklərinin xüsusiyyətlərinə dair məlumatlardan istifadə ediblər. Bu məlumatların təhlili göstərib ki, planetlərarası mühitə aid olan toz halqaların səthində təxminən 400 milyon il qabaq yayılıb”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, Saturnun halqaları 1610-cu ildə astronomiyanın banisi Qalileo Qaliley tərəfindən kəşf edilib. Daha sonra astronomlar planetin halqalarının kiçik toz və buz hissəciklərindən ibarət olduğunu müəyyən ediblər.