Səbinə Əliyeva Filippo Qrandiyə məktub göndərib
Ombudsman BMT-nin Qaçqınlar üzrə Ali Komissarına Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ haqda yazıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva vaxtilə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların geri qayıtmaq hüququ ilə bağlı BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandiyə məktub göndərib.
Məktubda ombudsman azərbaycanlıların müxtəlif vaxtlarda etnik təmizləmə siyasəti nəticəsində sistemli şəkildə müasir Ermənistan ərazisindən deportasiya edildiyini və bunun beynəlxalq hüququn pozulması olduğunu qeyd edir.
Məktubda qeyd edilir ki, bir sıra beynəlxalq hüquqi sənədlər, o cümlədən BMT Baş Assambleyasının 194 saylı qətnaməsi geri qayıtmaq hüququnu əsas insan hüququ kimi tanıyır və hər bir insanın öz vətəninə qayıtmaq hüququ vardır.
Geri qayıtmaq hüququnun təkcə öz torpaqlarından zorla qovulmuş şəxslərə deyil, həmin şəxslərin ailə üzvlərinə və gələcək nəsillərə də şamil edildiyi, dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb etmək hüququnun da tanındığı vurğulanıb.
Ombudsman öz tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanınması və bu məsələnin qlobal insan hüquqları gündəliyinə daxil edilməsi istiqamətində Ali Komissarın fəal təşəbbüslər göstərməsinin vacibliyini vurğulayıb.
O, həmçinin bu məsələnin BMT-nin müvafiq hesabat və tövsiyələrinə daxil edilməsini dəstəkləməyə çağırıb və bu cür fəaliyyətlərin regionda uzunmüddətli sülhə və ədalətin bərqərar olmasına töhfə verəcəyinə əminliyini ifadə edib.