BLOQ

SEÇKİ-2024

MSK xəbər verir

SEÇKİ-2024
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 19.01.2024 11:03

    Əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakı üçün yüksək şərait yaradılıb

    Qanunvericiliyin tələbinə əsasən, əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakı təmin edilir. Seçki Məcəlləsinin 17-ci maddəsinə görə, seçki orqanları əlilliyi və ya digər fiziki pozuntusu olan şəxslərin, eləcə də uzaq məsafədə yaşayan, yolu çətin keçilən ərazilərdən gələn seçicilərin səsvermədə iştirakı üçün bütün imkanları yaratmalıdırlar. Məcəllənin 104-cü maddəsində isə qeyd olunur ki, əlillik səbəbindən seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan seçici istədiyi şəxsi (məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa) kömək üçün kabinəyə çağıra bilər. Bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir.

    Bunu secki-2024.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

    O qeyd edib ki, Mərkəzi Seçki Komissiyası qanunvericilikdən irəli gələn bu şərtləri yüksək təminatla yerinə yetirir: “Əlilliyi olan seçicilərin səsvermə prosesində iştirakını asanlaşdırmaq üçün müvafiq addımlar atılır. Bu addımlardan biri əlil arabasından istifadə edən şəxslər üçün seçki məntəqələrinə pandusların quraşdırılmasıdır. Mərkəzi Seçki Komissiyası pandusların quraşdırılması işini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həyata keçirir. MSK seçkidə iştirak hüququ olan fiziki qüsurlu şəxslər haqqında nazirlikdən məlumatları alır və onların səs verəcəyi məntəqələrdə pandusların quraşdırılmasını təmin edir”.

    M.Rəhimov bildirib ki, görmə qabiliyyəti məhdud olan seçicilər üçün “Brayl əlifbası” ilə seçki bülletenlərinin çap edilməsi də həyata keçirilir: "Bu məqsədlə MSK Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə sıx əməkdaşlıq edir. Brayl əlifbası ilə çap olunan bülletenlər görmə qabiliyyəti məhdud olan seçicilərin səs verəcəyi məntəqələrlə yanaşı, ehtiyat üçün bütün məntəqələrə verilir. Paralel olaraq, eşitmə qabiliyyəti məhdud olan şəxslərin maarifləndirilməsi işi də həyata keçirilir”.

    MSK katibi əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyası əlilliyi olan şəxslərin seçkilərdə iştirakına dair tələbləri də özündə əks etdirir: “Bu Konvensiya əlilliyi olan şəxslərin seçki hüququnun təmin edilməsi ilə bağlı iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyub. Azərbaycan 2008-ci ildə bu konvensiyaya qoşulub və irəli gələn öhdəliklərin hamısını icra edir”.

    M.Rəhimov diqqətə çatdırıb ki, əlilliyi olan vətəndaşlar fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində öz iradələrini sərbəst və şəffaf şəkildə ifadə etmək imkanına sahib olacaqlar.

    ***

    18.01.2024

    Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına təqdim edən təşkilatların sayı məlum olub.

    Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

    Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar MSK-ya 3 təşkilat sənədlərini təqdim edib. Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi MMC-dir.

    Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"-u ABŞ-ın “ORACLE ADVİSORY GROUP” təşkilatı ilə birgə keçirəcək.

    ***

    Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

    Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

    MSK sədri deyib ki, 31 beynəlxalq təşkilatı təmsil edən 153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

    ***

    Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

    Onun sözlərinə görə, indiyə qədər 26 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəçilərin 22 mindən çoxu dairə seçki komissiyalarında qeydiyyatdan keçib.