BLOQ

"Qaynana", yəni milli dövlət institutu – bərpa olunmuş halda

"ANS" Şirkətlər Qrupuna daxil olan "Balans" Rəqəmsal Bərpa Studiyası bu dəfə "Qaynana" filmini bərpa edib VİDEO

"Qaynana", yəni milli dövlət institutu – bərpa olunmuş halda
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Deyirlər, zaman hər şeyin üstünü tozla örtür. Amma bəzi şeylər var ki, zaman onları örtmür – sadəcə, daha da aydın göstərir. Məsələn, "Qaynana" filmi. Və ya Qaynana anlayışının özü. Hər ikisi illər keçdikcə köhnəlmir, əksinə, daha da aktuallaşır, vacibliyi ilə heyran edir.

    "ANS" Şirkətlər Qrupuna daxil olan "Balans" Rəqəmsal Bərpa Studiyası, həmişə olduğu kimi, cəsarətli bir işə girişdi: Hüseyn Seyidzadənin 1978-ci ildə çəkdiyi bu ölməz komediyanı diriltmək. Nəticə isə… açıq desək, filmin ilk vəziyyətindən də daha təravətli, rənqli və aydın oldu.

    Yeddi ay. 108 mindən artıq kadr – hər biri ayrıca nazla, incəliklə təmizlənib və ardıcıllıqla sıraya düzülüb. 2700 səs elementi – boğuq xatirələrdən çıxarılıb, yenidən danışdırılıb və yeni səslər, ifadələr qulağa asılıb. 17 nəfər mütəxəssis – bəziləri gecələr evə qayıdanda öz qaynanasının səsini artıq stereo formatda eşidirmiş, bəziləri isə 7.1 dolbi surround kimi, amma hələ də eşidirdi.



    Bu zəhmətin nəticəsi dünən *Nizami" Kino Mərkəzində nümayiş olundu. Tamaşaçılar ekrana baxırdı, amma ekrandan onlara baxan tamaşa təkcə aktyorlar deyildi – bütöv bir epoxa idi. Sovet dövrünün kommunal mətbəxləri, ailədaxili diplomatiya, psixoloji müharibələr və ən əsası: qaynananın heç vaxt uduzmayan strateji ağlı və taktiki davranışı. 

    Filmi çəkən Hüseyn Seyidzadə vaxtilə sadə bir komediya yaratdığını düşünürdüsə, böyük ehtimalla yanılmışdı. O, əslində Azərbaycan ailə modelinin konstitusiyasını yazmışdı. Sadəcə, sənəd komediya janrında idi.

    Bərpa prosesində rəqəmsal təmizlənmə və rəng restavrasiyası xidmətinin rəhbəri Elnara Mustafayevanın böyük zəhməti var desəm yanılmaram. Bu Qaynana tərəfindən bəxtəvər gəlin (onun qaynanası mənim anamdır) filmi bərpa edərək rəngləri epoxanın çalarlarına uyğunlaşdırmaq üçün o zamanın yüzlərlə müxtəli açıqçalarını axtarıb taparaq rəngləri böyük çətinliklə bərpa etdi. Axı filmin özündəki rənglər tam solmuş vəziyyətdə idi. Səs və foley emalatxanasının rəhbəri Samir Ağayev də Qaynanasına vurğun mütəxəssis kimi adı və evdə tez-tez eşiddiyi səsləri və ifadələri doğmalıqla təmizlədi, müncüq kimi qulaqlarımıza asdı. Onların və komandalarının işi o qədər dəqiq alınıb ki, indi filmdə qaynananın baxışı əvvəlkindən daha parlaq, rəngli, səsi isə əvvəlkindən daha… inandırıcıdır. Bilmirəm bu lazımdır və ya yox, amma adam belə qaynana istəyir ki, evinin yaraşığı olsun!

    Bəzi kino tənqidçiləri deyir ki, “Qaynana” filmi komediyadır. Mən isə deyərdim: bu film sənədli dərslikdir – xüsusən də qaynana məsələsində. Filmə baxan hər kəs ekranda ya öz keçmişini, ya indisini, ya da qaçılmaz gələcəyini görür. Sadəcə, vaxtilə bu dərslik “komediya” adı altında gizlədilib ki, yeni evlənənlər, ailə qurmaq istəyənlər gözləntilərini, qorxularını daha rahat həzm etsin. 

    "Balans" studiyasının bu işi Yeni il qabağı Azərbaycan xalqına gözəl bir sovqatdır. Bir növ xatırlatma: texnologiya inkişaf edir, pozitiv 35 mm filmlər rəqəmsallaşdırılır, onun rəngləri və səsləri bərpa olunur, amma qaynananın təsir radiusu dəyişmir.

    Sonda demək qalır ki, bu qədər sevgi ilə bərpa olunan filmi, başda Hüseyn bəy Seyidzadə olmaqla, yaradan insanların, onu göz bəbəyi kimi Dövlət Film Fondunda qoruyan, başda Cəmil Quliyev olmaqla, mütəxəssislərin qaynanalı evlərdə maraqlı həyat sürdükləri açıq-aşkar hiss olunur. Başqa cür bu qədər incəlik, peşəkarlıq və nizam intizam mümkün olmazdı.

    Təki hamının qaynanası yaxşı olsun. Yaxşı deyəndə isə… heç olmasa, bizim bərpa etdiyimiz bu film qədər rəngarəng və eşidilən olsun.