“Sədərək” gömrük postunun iki əməkdaşı həbs edilib
Onlar rüşvətlə dərman keçirirmişlər
“Sədərək” gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanılaraq istintaq aparılır.
Həmin cinayət işi üzrə Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" gömrük postunun iki əməkdaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 (külli miqdarda törədildikdə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
Faktı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidməti təsdiqləyib.